İsmət Abbasov: «Mənə silah verin, gedim döyüşə» [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Kənd təsərrüfatı naziri İsmət Abbasov iyulun 5-də Qax rayonunda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən sakinlərini qəbul edib.
BALAKƏNLİLƏR KOMBAYN İSTƏYİR
YAP-ın yerli inzibati binasında gerçəkləşən qəbulda nazir öncə Balakən sakinləri ilə görüşüb. Qarığdalı yığımı zamanı qonşu rayonlardan yardım istədiklərini və texnika və ehtiyat hissələri çatışmazlığını dilə gətirən balakənlilər bütün rayonda cəmi 3 kombaynın olduğunu nazirin diqqətinə yetiriblər. İsmət Abbasov ölkə başçısının gələn il üçün yeni 150 kombayn alınmasına vəsait ayırdığını və gələn il belə halların təkrarlamayacağını vəd edib.
ZAQATALALILARIN DÖVLƏTDƏN MADDİ DƏSTƏYƏ EHTİYACI VAR

Nazirlə görüşə gələnlər

Qəbula gələn Zaqala sakinləri arıçılıq və çayçılıq sahəsində çətinliklərindən söz açaraq dövlətdən maliyyə dəstəyinə kəskin ehtiyac duyduqlarını dilə gətiriblər. Əkin sahələrindən keçən su kanallarının bərbad durumu da nazirin diqqətinə çatdırılıb. Kənd sakinləri və kiçik sahibkarlar hökümətdən bu sahəyə maliyyə ayrılmasını xahiş ediblər.
NAZİR: «ƏLİYALIN NECƏ DÖYÜŞƏ GEDİM?»
Qax, Şəki və Oğuz sakinləri heyvandarlığın inkişafı üçün xüsusi cins mal-qaraya və maddi dəstəyə ehtiyac duyduqlarını vurğulayıblar. Onlar bələdiyyə torpaqlarının hərraclar vasitəsi ilə satılıb-paylanmasından da çox çətinlik çəkdiklərini diqqətə yetiriblər. Kəndlilər yenidən icarə üsuluna keçilməsini istəyiblər. Nazir onların bu fikirlərini sonacan dəstəklədiyini, ancaq əllərində yetərincə şikayət və təklif məktubu olmadığını deyərək daha yuxarı qurumlara rəsmi müraciət etmələrini məsləhət görüb. O, fikrini belə bitirib: «Əlimə yetərincə silah verin, mən də döyüşə gedim. Əliyalın necə döyüşə gedə bilərəm?».
Hava isti olduğundan, görüş bitənədək qəbul keçirilən binanın önündə «təcili yardım» maşını hazır dayanıb.
Daha sonra Qax rayonundakı bəzi kəndlərdə meyvə bağlarını və əkin sahələrini dolaşan İsmət Abbasov istifadəsiz torpaqlar görüncə, «insanlarda tənbəlləşmə getdiyini» vurğulayıb.