Naxçıvanda geyim qadağası...

Foto: Arxiv

-
Naxçıvandakı qadağalara, deyəsən, bir yenisi də əlavə edilir. Bu dəfə söhbət bu muxtar respublikada dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə yeni geyim qaydasının tətbiq olunmasından gedir.

Bu haqda AzadlıqRadiosuna təhlükəsizlikləri baxımından çalışdıqları müəssisələrin adının çəkilməsini istəməyən işçilər danışıb. Həmin şəxslərin deməsinə görə, yeni qaydaya görə, qolu qısa geyimdə onlara işə gəlmək qadağan edilib.

«YAYIN BU İSTİSİNDƏ İŞƏ QOLUUZUN PALTARLARDA GƏLMƏLİYİK»

Şikayətçilərdən Fərhad Quliyev deyir ki, hazırda həddindən artıq isti havanın hökm sürdüyü Naxçıvanda belə bir qaydanın tətbiq olunması insanlara işgəncə vermək metodlarından biridir:

«20 gün olar ki, bizə zülm verirlər. Yayın bu istisində işə qoluuzun paltarlarda gəlməliyik. Deyirlər ki, qısa qol geyinmək istəyirsənsə, onun üstündən pencək geyinməlisən. İş yerimizdə kondisioner də yoxdur deyə, bütün günü istidən bişirik. Pencəyimizi çıxaranda bizi cəzalandırırlar. Deyirlər ki, əməl etməsəniz, maaşınızdan kəsəcəyik. Dünyanın hansı ölkəsində bu cür işgəncə növü var? Heç islam ölkəsi olan İranda da bu cür qadağa yoxdur. Şikayət edirik, deyirlər Vasif Talıbovun göstərişidir. Gecə yuxuda nə görürlər, səhər durub onu insanlara tətbiq edirlər. Naxçıvanda çox məhdud sayda adam qalıb. Məqsədləri həmin insanları da buradan qaçırmaqdır. Biz hərbçiyik, ya polisik ki, bizə geyim qaydası tətbiq etsinlər? Küçədə gəzəndə adi adamlardan seçilirik. Hamı istiyə görə qısaqollu paltarlar geyinir, biz isə istidən bişirik. Başqalarından fərqləndiyimizə görə utanırıq həm də. Bəzən bizə baxıb gülürlər».

«ÖZLƏRİNDƏN YALANLAR UYDURMASINLAR»

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev isə bu deyilənləri gülünc adlandırdı:

«Kim o sözü deyib? Belə şey ola bilməz axı. Özlərindən yalanlar uydurmasınlar».

Müzəffər Baxışov

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mülki vətəndaşlara bu cür qaydalar tətbiq edilirsə, bu, tam qanunsuzluqdur:

«Konkret qanunlar var. Müəyyən dövlət orqanları var ki, onlar üçün xüsusi geyimlər müəyyən olunub. Məsələn, prokurorluq haqqında qanunun müddəalarına uyğun olaraq onlara xüsusi geyimlər tətbiq olunur. Bu polislərə, daxili qoşunların, digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq olunur. Onlar üçün də qış geyiminə oktyabrın 15-dən sonra keçirilməlidir. Deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, yaxud digər müəssisələrin əməkdaşları üçün belə bir qanun tətbiq olunmur. Bu, qanunsuzluqdur. Geyim özü də insan hüququ ilə bağlı bir haldır. İnsan hüquqları da yalnız qanunla məhdudlaşdırıla bilər. Rəhbərlik belə bir göstəriş verirsə, həmin şəxs özü məsuliyyət daşıyır».

Hüquqşünas deyir ki, bu cür qanun pozuntusu ilə rastlaşan vətəndaşlar müvafiq məhkəmələrə müraciət etməlidirlər.

XATIRLATMA...

Yada salaq ki, əvvəllər də Naxçıvanda buna bənzər qadağaların tətbiq olunduğu bildirilirdi. Məsələn, bir müddət öncə tətbiq olunan qaydaya əsasən, xüsusi uniforma geyinməyən sürücülərə taksi fəaliyyəti göstərmək qadağan olunub. Onlara üzütüklü vəziyyətdə sərnişin daşımağa da icazə verilmirdi. Daha sonra Rusiya istehsalı olan motosikletlərin istismarına qadağa qoyulduğu bildirilirdi. Bundan əvvəl isə hərbçilərə şəxsi avtomobillərini sürmələrinə icazə verilmədiyi söylənirdi.