Putin-dən Obama-ya xatırlatma

Vladimir Putin və Barack Obama

-
«Suriya hakimiyyətini kimyəvi silah işlətməkdə ittiham etmək absurddur».

Bunu avqustun 31-də Rusiya prezidenti Vladimir Putin Vladivostokda jurnalistlərə açıqlamasında deyib:

«ABŞ-ın Suriya hakimiyyətinin kimyəvi silah işlətdiyinə dair sübutları varsa, onları BMT-nin Təhlükəsizlik Şurasına təqdim etsin. Bunu edə bilmirlərsə, demək, sübutları yoxdur».

Putin əlavə edib ki, Suriyaya hərbi müdaxilə çoxlu qurbanlara gətirib çıxara bilər:

«Nobel Sülh Mükafatı laureatı Barack Obama həmin qurbanları düşünməlidir».

BMT-nin Suriyadakı müfəttişləri kimyəvi silahdan istifadə iddiaları ilə bağlı araşdırmalarını sona çatdırıblar. Avqustun 31-də müfəttişlər Livana gediblər.

ABŞ Dövlət katibi John Kerry bildirib ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunması nəticəsində 1429 adam ölüb. Onlardan 426 nəfəri uşaqdır. Kerry deyib ki, ABŞ kəşfiyyatı Assad ordusunun kimyəvi silahdan istifadə etdiyinə əmindir.

Suriya hakimiyyəti bunu «böhtan» adlandırıb.