Gənclər «işgəncə» deyir, polis razılaşmır...

Gənclərin internetdə yayılan şəkilləri

-
Bu ilin mayında inzibati həbs kəsilən gənclərin internetdə yayılan şəkilləri cəmiyyətdə birmənalı qarşılanmamış, fotolarda aşağılayıcı yazılarla yanaşı, bu şəkilləri kimin çəkməsi və qapalı müəssisədən necə çıxarılması ictimai mübahisələrə yol açmışdı. Söhbət 3 müxalif gəncin – AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının, «NİDA» Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Turqut Qəmbərin və «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadənin (hazırda xuliqanlıq ittihamı ilə həbsdədir) inzibati cəza müddəti dövründə təmizlik işləri görərkən çəkilmiş şəkillərindən gedir.
Gənclər Binəqədi Saxlanma Məntəqəsində saçlarının zorla qırxıldığını, onlara güc tətbiq olunduğunu, hamama buraxılmadıqlarını, evdən yemək almalarının yasaqlandığını demişdilər.

İndi Binəqədi rayon prokurorluğu həmin dövrdə gənclərə qarşı pis rəftarın olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

BU, İŞGƏNCƏDİR, İŞGƏNCƏ VERƏNLƏR CƏZALANMALIDIR

Gənclərin nümayəndəsi, hüquqşünas Tural Hacıbəyli deyir ki, gənclərə qarşı bu münasibət işgəncədir. Nümayəndə qol burub zorla baş qırxanların cəzalandırılmasını tələb edir. Onun fikrincə, belə davranan polislər cinayət məsuliyyətinə cəlb olunmalıdır:

«Gənclərin iradəsinin əleyhinə, zorla başları qırxılıb, qolları burulub. Saçlarını qırxandan sonra şəkillərini çəkiblər. Bundan başqa vəkillə görüşə şərait yaratmayıblar. Evdən gələn yemək və əşyaları onlara çatdırmayıblar. Kitab, qəzet verməyiblər. Hamamdan istifadəyə qadağa qoyublar. Bakı şəhər Baş Polis İdarəsinin təcridxanaya gələn məmurları onları gəzinti hüququndan məhrum ediblər.

Baş Prokurorluq

Hesab edirik ki, şəkilləri gənclərdən gizlin polis əməkdaşları çəkib. Sonralar bu şəkillər yayılıb, üstündə təhqiramiz ifadələr yazılıb».

Başlanan araşdırma ilə bağlı Əbülfəz Qurbanlı və Turqut Qəmbərin izahatları alınıb. İlkin Rüstəmzadənin də izahatına ehtiyac duyulduğu bildirilib.

Hüquqşünas Tural Hacıbəylinin dediyinə görə, istintaqda bir neçə günə təcridxana əməkdaşlarının da ifadələri alınacağını ona söyləyiblər. Polislərin əməlində cinayət tərkibinin olub-olmaması barədə yalnız bundan sonra məlumat veriləcək.

RESPUBLİKA PROKURORLUĞU: «ARAŞDIRMA GEDİR»

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, hazırda araşdırma davam edir:

«Turqut Qəmbər və Əbülfəz Qurbanlının müraciətləri üzrə indi Binəqədi rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir. Zərurət yaranarsa, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək».

OMBUDSMAN APARATI MƏSƏLƏNİ DİQQƏTDƏ SAXLAYIR

Vüqar Məhərrəmov

Həmin hadisə baş verəndə Ombudsman Aparatı da Daxili İşlər Nazirliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəmişdi.

Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, onlara gələn cavabda gənclərə qarşı pis rəftar olunmadığı bildirilib:

«Daxili işlər nazirinin imzası ilə gələn cavabda bildirilib ki, orada saxlanan Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə ilə bağlı araşdırma aparılıb. Onlarla qanunvericiliyin tələbinə uyğun olaraq rəftar edilib. O da bildirilirdi ki, həmin şəxslər məntəqədən azad olunarkən, məntəqədə saxlanılan şəxslərin qeydiyyatı və təklifləri kitabında şəraitdən və polis əməkdaşlarından şikayətləri olmadığını qeyd ediblər».

Vüqar Məhərrəmov olayın Binəqədi prokurorluğunda araşdırılmasından xəbərdar olduqlarını da diqqətə yetirib: «Məsələni diqqətdə saxlayırıq».

Əbülfəz Qurbanlı Ramil Usubovun «onlar azad olunarkən məntəqədə saxlanılan şəxslərin qeydiyyatı və təklifləri kitabında şəraitdən və polis əməkdaşlarından şikayətləri olmadığını qeyd ediblər» fikri ilə bağlı deyir ki, doğrudan da elə yazıblar:

Ehsan Zahidov


«Oradakı şərait yaxşı idi, ancaq həmin şəraitdən istifadəyə imkan vermirdilər. Bizə pis münasibəti isə oradakı polis əməkdaşları yox, Bakı şəhər Baş Polis İdarəsindən gələn polislər göstərmişdilər».

DİN: «KİMƏSƏ ZOR TƏTBİQ ETMƏK QEYRİ-MÜMKÜNDÜR»

Daxili İşlər Nazirliyi gənclərin işgəncəyə dair iddialarını qəbul etmir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, bundan söhbət gedə bilməz:

«Təcridxana müasir standartlara uyğun qurulub, rəhbərlik tərəfindən daim nəzarət olunur. Saxlanılan şəxslərlə bağlı davranış təsdiq olunmuş daxili nizam-intizam qaydalarına uyğun həyata keçirilir. Kiməsə zor tətbiq etmək, kiminsə mənəviyyatını alçaltmaq qeyri-mümkündür. Buna ehtiyac da yoxdur. Araşdırma başa çatar, araşdırmanı aparan orqan məsələyə hüquqi qiymət verər. Ancaq gənclərin iddia etdikləri kimi davranışın olmasına inanmıram».

Müdafiə tərəfi bildirir ki, araşdırma nəticəsiz qalarsa, məhkəməyə üz tutacaqlar.
Aprelin 30-da Neft Akademiyasında baş verən qanlı olayın növbəti ildönümü günü «Terrora yox!» şüarı altında aksiya keçirilmişdi. Nəsimi rayon məhkəməsinin qərarı ilə həmin aksiyada iştiraka görə, Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10, İlkin Rüstəmzadə 15 gün müddətinə həbs edilmişdi.