Dunja Mijatovic: "Azərbaycandakı vəziyyət kifayət qədər narahatlıq doğurur"

Dunja Mijatovic

-

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azadlıq Radiosuna verdiyi müsahibədə Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı fikrini bildirib:

- Ümumilikdə, mətbuat azadlığı və ifadə azadlığı sahəsində Azərbaycandakı vəziyyət kifayət qədər narahatlıq doğurur. Mən buna yalnız seçkiöncəsi məsələ kimi baxmıram. Bu günlərdə, bir neçə gün əvvəl mən əvvəlki dövrə aid bir məsələni qaldırmışdım. Bununla bağlı artıq Bakıda məhkəmə qərar çıxarıb. Bu, qəzet redaktoru Hilal Məmmədova həbs cəzası verilməsi ilə bağlı qərardır. 2012-ci ilin noyabrında Bakıya səfərim zamanı həbsxanada ona baş çəkmişdim. Azərbaycan hökumətinin ümumilikdə söz azadlığı ilə bağlı beynəlxalq standartlara uyğun davranması və ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsinə gəldikdə, bu mənim yaxından izlədiyim işlərdən yalnız biridir və bu həm də böyük narahatlıq doğuran işlərdəndir. Yalnız onu deyə bilərəm ki, bunları yaxından izləməkdə davam edəcəm. Mən həbsdə olan başqa jurnalistlərin də məsələsini qaldırmışam, eləcə də söz azadlığını məhdudlaşdıran və fəqli, tənqidçi səsləri susduran qanunların qəbulu məsələsini. Ümumilikdə, vəziyyət ürəkaçan deyil, biz monitorinqi davam etdirəcəyik və dediyim kimi, onsuz da o qədər də ürəkaçan olmayan vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti və mülki cəmiyyətlə kontaktları davam etdirəcəyik.