Qadın ağacı sevdi...

Hədiyyə Şəfaqət

-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin finalçısından yeni hekayə

Hədiyyə Şəfaqət

TƏŞƏKKÜR

(Hekayə)

-1-

Qadın ilk əvvəl onu gördü. Səhərin günəşi qarşılamağa hazırlaşdığı dəqiqələrdə eyvandan ətrafa nəzərlərini dolandırdı və sağ tərəfdə, leysan yağışından sonra guruldayan səsindən yatağını bəlli edən dağ çayından yuxarıda, dağın sinəsiylə dolanıb gedən kənd yolunun qırağındakı tənha ağacı.

Gecəki yağışdan sonra ətirli külək həyətdəki ağacların budaqlarını sehirli bir rəqslə qarışdırdıqca düz uçurumun kənarında bitmiş ağacın indicə yerindən çıxıb aşağı, kükrəyən çaya düşəcəyini xəyal etdi.

Yarım saat keçdi və günəş işıq saçdı. Uzaqdakı tənha ağacın yarpaqları küləyin təsiriylə o üz-bu üzə çevrilərək günəşin şəfəqləriylə oynamağa başladı. Qadın eləcə baxırdı. Ağac yerində möhkəm dayanmışdı.

Əllərini eyvanın məhəccərindən çəkib həvəssiz-həvəssiz mətbəxə getdi. Səhər yeməyi hazırlamalıydı.. Qab-qacaq səsi səhərin huzurunu qaçırırdı. Anlamadığı bir boşluq içində saatlarca oturmaq istərdi. Heç kim olmadan, heç nə düşünmədən, heç kimi görmədən və heç nə eşitmədən...

Eyvana qayıtdı. Kürsüyə oturdu. Masanın üzərinə ağ süfrə salınmışdı. Çəngəl-bıçaq parıldayırdı. Gün işığı eyvanın qarşısındakı ağacın yarpaqları arasından süzülərək büllur su qabını parıldadır, yarımçıq şərbətin üzündə gün şəfəqləri oynayırdı. Nəzərlərini masadan çəkib uzaqlara yolladı. Dağ yolunun kənarındakı ağac ona baxırdı. Səbəbsizcəsinə gözləri doldu.

Əri otaqdan çıxdı. Qadını masa başında görüb sevindi, yaxınlaşıb onu öpdü:

-Bu gün daha gözəlsən

Zorla gülümsədi. Bu şənləndirmə, cəhdləri ürəyini ağrıdırdı. İstəmirdi. Heç bura gəlməklərini, Bakının səs-küyündən qaçıb sakitlik tapmalarını, səhər yeməyinin, günəşin eyvanın qarşısındakı yarpaqlarda şən-şən gülümsəməsini, küləyin budaqlardakı rəqsini, heç nə istəmirdi.

Uzun müddət davam edən müalicə onu sağaltsa da, həyatla davası vardı. Xəstaxana palatasıyla vidalaşıb evinə qayıdandan sonra dinməz-söyləməz, adamayovuşmaz olmuşdu. Gününün çox hissəsini ya yatağında uzanır, ya da pəncərədən küçəyə boş-boş baxmaqla keçirirdi. Qayıtdığını eşidib evə gələn dostların, qohumların hamısından qaçıb qurtarmaq istəyirdi. Adamların nə dediyi, nə danışdığı onun eyninə də deyildi, nəsə qarışıq səslər eşidir və susurdu.

İki gündür şəhərin səs-küylü boğanağından çıxıb bu uzaq, qədim şəhərə gəlmişdilər. Əri evi iki aylığa tutmuşdu. Həkimlər onun uzun sürən müalicədən yorulduğunu, təmiz havadan, təbiətlə təmasdan, sakitlikdən, istirahətdən sonra yaxşılaşacağını demişdilər. Son dəfə onu müayinə edən qoca həkim təzyiq ölçəni çantasına yerləşdirə-yerləşdirə zarafat etməyi də unutmamışdı: “Gözəl xanım, Tanrı sizi gözəlliklə, zövqlə və belə yaxşı həyat yoldaşı ilə mükafatlandırıb. Tez sağalın, bu dəfə hər şey sizdən aslıdır.”

Əri narahat olmağa hazırlaşmırdı. Bütün bunları onun uzun müddət dərmanların təsirində qalmasından görürdü. Xəstəxana dəhlizlərində gecələmələr, nigarançılıqlar, ağrılar və qorxular geridə qalmışdı. Gözəl qadını sağ idi, onu ölümün pəncəsindən zorla dartıb qoparmışdı, hər şey yaxşı olmalıydı...

Qadin gülümsədi... Xəfifcə... Lakin ərinin gözündə bu böyük uğur idi. Fincanlara çay süzdü, çörək dilimini əlinə aldı:

-Xanım nə buyuracaq?!

“Xanım” gözlərini uzaqda parıldayan ağacdan çəkmədən cavab verdi:

-Heç yemək istəmirəm

Kişinin üzü kölgələndi. Çörək dilimini süfrəyə qoydu, qadının əlini əlinə aldı, dodaqlarına yaxınlaşdırdı:

-Əzizim...

Susdu, yadına saldı ki, peşəkar fotoqraf-rəssam olan xanımı bir ay əvvəl sərgi təklifini çox qəribə laqeydliklə rədd etmişdi. Kişi donub qalmışdı, o ki bunu illərlə arzulayıb dururdu? “Hər şey yaxşıdır, lap az qalıb, lap az”...

-O ağacı görürsən?

Kişi duruxdu. Baxışlarını qadının baxdığı yerə yönəltdi. Hə, orda bir ağac vardı. Tənha və böyük. Bu uzaqlıqdan belə sağlamlıq dolub daşırdı ağacdan. Arvadına baxdı, qadının üzü üzüntülü idi. Nəsə deməli olduğunu hiss edirdi, amma bilmirdi məhz bu anda nə deməlidir. Amma susmamalıydı, danışmaq üçün bəhanə vardı:

-Qəribədir, bu yerlərdə meşələrdəki, dağlardakı ağacları qırıb qırıb odun-oduncaq edirdilər, yandırırdılar bir müddət əvvələdək. İndi-indi qorumağa başlayıblar. Bəxti gətirib, ona toxunmayıblar

Qadının üzü tutuldu.

-Gözəl ağacdır, gözəlliyinə qıymayıblar yəqin...

Qadın bu sözləri qulaqardına vurdu. Gözünü uzaqdakı ağaca çevirib dayandı. Qəribə bir sehri vardı ağacın. Yolun salındığı uçurumun kənarındaca dayanmışdı. Heç əyilməmişdi də, küləklər, tufanlar tənhalığına rəğmən ona ziyan toxundura bilməmişdilər. Ağacların qırılıb kəsildiyi zamanlarda belə göz önündə dayanmışdı. “Bəlkə də çox həyəcan keçirib? Bəlkə elə indi də yanından əli baltalı adam keçəndə diksinir, ürəyi əsir? Bəlkə heç gecələri yata bilmir səhəri aça bilməz deyə? Amma oyaq qalması nəyi dəyişəcək? Lap deyək bir əli baltalı gəlib kəsməyə, budamağa başladı, qolunu-budağını çırpdı onu yıxmaq istəyın tufanın sifətinə, hə, nə olacaq ki?” Sarsılmışdı... Ağac gözəl idi, sağlam idi, ucaboylu idi, amma köməksiz və tək idi. Ağacdan həyat eşqi daşıb tökülürdü, amma tənha idi...

Ərinə baxdı. Sakitcə oturub peşman və ümüdlü gözlərini onun üzündən çəkmirdi. Qadın aylardan bəri ilk dəfə sarsıldı, qəlbini qəribə bir üzüntü doldurdu, aylar sonra ilk dəfə fərqli bir şey düşündü. O ağac kimi qadın da təhlükədəydi, amma tək deyildi, əlini onun əlindən bir an da çəkməyən, bir kiçik gülümsəməsiylə xoşbəxt olan, onu qoruyan, bəzən əl açıb Tanrıya yalvaran, bəzən ona qəzəblənən o vardı, insan vardı... Aylardı yanındakı bu insanı, bu kişini, ərini necə də unutmuşdu, onun acılarını, sevgisini, uçurum kənarındakı dayanışını necə də görməzlikdən gəlmişdi?...

Ürəyi quş kimi çırpındı, gözləri doldu, iki damla göz yaşı süzülüb üzü aşağı axdı. Əri çaşqın-çaşqın, bir az da qorxmuş halda ayağa qalxdı, onu da qaldırdı, üzünü-üzünə söykədi. Qadının göz yaşının axıb getdiyi yer nəm və isti idi.

-Əzizim , hər şey yaxşı olacaq, mən səninləyəm, mən yanındayam...

Və anlamadı ki, niyə qadın bir andaca bu cür hönkürdü, qollarını niyə bu cür onun boynuna dolayıb bu cür ona qısıldı. Necə oldu ki, bu cür titrək-titrək “səni sevirəm” deyə bildi.. Kişi onu özündən araladı, bir an beynindən ildırım sürətiyə “bu nə fikirləşir, bəlkə özünü öldürmək istəyir?” deyə keçirdi. Qadının gözləri dolu-dolu baxırdı, od vardı, həyat eşqi peyda olmuşdu gözlərində. Onu təkrar qucaqlayıb bağrına basdı...

-2-

Qadın ağacı sevdi...

-3-

Günlər qəribə bir sakitlik içində keçib getməyə başladı. Sübh tezdən süd satan qadın qapını astaca daqqıldadaraq həyətə girir, süd və qatıq bankalarını pilləkənin ayağına qoyur, boş bankaları götürüb gedirdi. Səhərin sərin havasında çay dəmləyir, eyvandakı masanın ətrafında əyləşir, səhər yeməyi yeyir, kitab oxuyur, günəşin doğub qarşıdakı evlərdən onların eyvanına boylanmasını gözləyirdilər. Aydın havalarda uzaqlarda Murov dağının qarlı zirvəsi işıldayırdı. Görməsə də bilirdi ki, sağ tərəfdə dəli-dolu dağ çayı var. Qədim şəhəri qabağına qatıb ordan-bura, burdan-ora qaçıran çay.

Arabir yağan yağışlar onları eyvandan qovub otağa salırdı. Kiçik mətbəxtin küçə pəncərəsini yağış damlaları döyür, küçədən maşın təkərlərinin suyu necə bölüb keçdiyi eşidilirdi. Elə günlərdə dağ çayı yatağından çıxır, elə guruldamağa başlayırdı ki, elə bil düz həyət hasarının dibiylə axırdı.

Sonra hava təmizlənir, uzaqlarda sürünüb gedən duman gözəl mənzərə yaradır, qarşıdakı uzaq kəndlərin sinəsinə sığındıqları alçaq dağların başındakı topa-topa buludlar da son damlalarını yer üzünə yollayıb əriyib gedirdilər.

Bu yerlər onu darıxdırmadı. Bir həftə, iki həftə. Qəribə sakitlik onu ovsunladı. Kiçik bağçadakı çiçəkləri suvarır, televizora baxır, internetdə məktublaşır, axşamtərəfləri isə şəhəri gəzməyə gedirdilər. Qədim tikililər, kərpic körpülər, daş döşəli dar küçələr. Arabir də gecənin bir vaxtınacan küçədə oturub şirin lıhcələri ilə söhbətləşən qadınlara qoşulurdu. İlk zamanlar onların ləhcəli danışığını çox da başa düşmürdü. Qadınlar onu sorğu-suala tutur, uşaqlar yanını kəsdirib dayanır, qəribə bir maraqla ona daha yaxın olmaqlarıyla fəxr edirdilər.

Bu günlərdə yanından ayrılmayan bir əşyası vardı-fotoaparatı. Hər şeyi acgözlüklə çəkirdi. Söhbərt edən qadınları, şirniyyat yeyən uşaqları, dibçək güllərini, dağ yollarını, bulaqları, daşları, qədim əl işi olan həyət qapılarını, yerli sənətkarların yaratdıqları əsərləri, ev əşyalarını, küçələri, dalanları.. İlk görünüşdə onu darıxdıracağını, bezdirəcəyini düşündüyü kiçik şəhər ürəyini açıb ona təslim olmuşdu. O isə bu kiçik şəhərin içindəki dərinliyə heyrət içində dalırdı...

-4-

Ağac illər əvvəl harda göyərib boy atmışdısa orda da dayanmışdı. Qadın hər səhər oyanan kimi eyvana çıxır, onunla salamlaşır, dodağının altında ən gözəl dualarını pıçıldayırdı. Axşamlar hardan qayıdır qayıtsın, yatağına getməmişdən əvvəl onunla sağollaşırdı...

Kişi qadını seyr edir, gülümsəyirdi. Könül dolusu sevinirdi. Arvadının günbə -gün, saat-ba-saat yaxşılaşdığını hiss edirdi. Qadının cingiltili gülüşləri həyəti, evi doldurmuşdu. “Təmiz hava, təmiz su, təmiz qida”... Kişi təbiətin möcüzələr yaratdığına inanırdı. Qadının tənha ağaca bağlılığı onun üçün növbəti uşaq şıltaqlığı, qəribəliklərindən biri kimi gəlirdi. Ağac ağacdır, durub öz yerində, olmasaydı da olmayacaqdı...

Kişi bu şəhərə gəldiklərinin ikinci səhəri eyvanda baş verənləri öz dünyasının qəbul edəcəyi kimi xatırlayıb qiymətləndirirdi və onun romantikadan və sentimentallıqdan çox uzaq olduğunu yaxşı bilən arvadı da özünü məhz elə aparırdı- Tibb və təmiz hava, sular və qidanın sağaltdığı xəstə kimi...

-5-

Qayıtmaq zamanı yetişirdi.

Qadın çantaları yığışdırmağa başlamışdı. İndi eyvandan sağ tərəfə, ağacın olduğu tərəfə günahkar-günahkar baxırdı. O gedirdi, bu yerlərin qəfil qonağı. Bir də gələcəkdirmi? Ağac yolunu gözləyəcəkdi. Onun eşidə bilmədiyi dildə budaqlarını yelləyib yarpaqlarını dilləndirəcəkdi. Bir azdan payız gələcəkdi, qızılı donunu geyinib duracaqdı ağac. Sonra qar yağacaqdı, deyirdilər bu yerlərin qışı çox sərt olub. Amma ağac yaş yetirmişdi, qara-qışa təslim olacaq kimi görünmürdü...

-6-

...Birdən - birə od aldı, Dibindən, kökündən. Sonra alovlar dil-dil yuxarı sarışdı. Budaqlara dolanıb yarpaqlara yayıldı. Ağac uzaqdan od topasına döndü. Yanan yarpaqların ətri oduncaq ətrinə qarışdı. Qəfil qalxan külək ağacı kökü üstə yellədi. Ağac məşəl kimi havada rəqs eləməyə başladı. Alov səmadan yapışan əllər kimi yuxarı doğru uzanmağa başladı.

... Qadın dəli kimi çığırıb yerindən dik atıldı. Ürəyi yerindən çıxırdı. Əlini sinəsinin üstünə qoyub sanki ürəyini yerinə salamq istədi. Kişi qışqırtıdan hövlank oyanıb onu tər-su içində gördü, qadın tir-tir əsirdi. Durub tələsik su gətirdi, qadını sakitləşdirdi, suyu zorla dodaqlarına yaxınlaşdırıb içirdi:

-Oldu, oldu, yuxu görürdün, yuxu idi, sakitləş...

Qadın gözləri böyümüş halda üstündəki adyalı bir tərəfə atdı, yüyürüb eyvana çıxdı. Sakit, qaranlıq gecəydi. Ay işığı dağların qaranlığında gizlənmişdi. Ulduzlar işım-işımdı. Qadın eyvandan sağa boylandı. Qaranlıqda heç nə görünmürdü. Dərindən nəfəs aldı. Kişi ona yaxınlaşdı, jaketi qadının çiyninə atdı:

-Soyuqdur...

Qadın kürsüyə çökdü. Əli hələ də sinəsində idi. Köksü qalxıb-enirdi:

-Yanırdı!

Kişi istəmirdi qadının kefinə dəysin, kəlmələrini ehtiyatla seçə-seçə pıçıldadı:

-Özün gördün, heç nə olmayıb, yansaydı burdan görünərdi, gedək otağa, soyuqlayacaqsan...

Bir an susdu, sonra sanki öz-özüylə:

-Əgər o bir ağac olmasaydı səni ona qısqanardım-dedi..

Qadın yerindən qalxıb otağa yönəldi, son anda yenə də üzünü çevirib ağac səmtə baxdı:

-Yox, çox gözəldir, o bir qadındır, görmürsənmi?

Sakitliyi dağ çayının şırıltısı pozurdu...

Səhərin ilk şəfəqləriyə oyanan qadın eyvanda dayanıb şıltaq-şıltaq nazlanan ağaca baxırdı, Ağac gecəki əhvalatdan xəbərsizdi, yoxsa bir az utanıb-çəkinər, özünü yığışdırardı...

-7-

Vaxt tamam oldu. Əşyaları yığışdırdılar. Son dəfə eyvanda oturub axşam çayını içdilər. Səhər tezdən, hava işıqlanmamış yola çıxmalıydılar.

Qadın kədərli gözlərini solğunlaşmaqda olan səmada, yarpaqları adda-budda saralmaqda olan tut ağacında, qarşıdakı evlərin damlarında gəzdirib get-gedə düşən qaranlığın yox etməyə başladığı ağacın üstündə saxladı:

-Bilirsən, sabah o ağacı ziyarət etmədən qayıdammaram...

Kişi bunu gözləyirdi əslində:

-Yaxşı, gedərik

Ağaca minnətdarlıq etmək istəyirdi. Həssaslığı yaraşırdı ona, gözlərinin yaşarması da. Sağlam idi, həyatı sevirdi, indi kədərlənmək də olardı.

Qadın qəlbinin dərinliyində inanırdı ki, ağac onu gözləyir...

-8-

Bu o ağac idi. Budaqları şümal, yarpaqları sağlam, fərəh, coşqu doluydu. Düz yolun kənarında, dərin uçurumun kənarında bitib böyümüşdü, Gözəlliyinə və zərifliyiylə uyuşmayan qüvvətli kökləri sıldırım enişə bərk-bərk bağlanmışdı.

Qadın maşından düşüb dayandı, ömründə bu cür dil açıb danışan gözəllik görməmişdi. Ağac bütün əzəmətiylə onu çəkib gətirmişdi və azacıq işıqlanan səhərin sərin mehində nazlana-nazlana yuxudan oyanırdı.

Ərinə gəlməməsini işarə elədi. Ağaca yaxınlaşdı. Əllərini uzadıb gövdəsini qucaqladı. Üzünü hamar qabığına söykədi. Ürəyi bərk-bərk döyündü, ağac qeyri adi sehriylə onun qarşısındaydı, bəlkə də bunu o öz içində inanıb tutunması üçün yaratmışdı. Amma ağac vardı, ilk gündəncə budaq əllərini uçurumun bu tayından o tayına uzadıb qadının əllərindən yapışmışdı, onu yıxılmağa, ruhdan düşməyə qoymamışdı...

...Kişi gizlicə fotoaparatı maşından götürdü, əllərini ağacın gövdəsində gəzdirən, sanki ondan halalıq alan qadının şəklini çəkdi, işıq bir anda yanıb söndü, qadın ərinə tərəf məzəmmətlə boylandı, “Onu diksindirdin”-dedi. Kişi gülümsədi, “Sənin gələcəyini bilirdi, çoxdan oyanıb”...

Hava işıqlanır, şəhərin görüntüsü aydınlanırdı. Qadın son dəfə əllərini ağaca çəkib gövdəsinə bir öpücük qondurdu, “Təşəkkür edirəm, təşəkkür edirəm”- deyə pıçıldadı astaca...

...Hər şey bir anda oldu, qadın asfalt yola ayağını qoyar-qoymaz döngədən çıxan iri yük maşınının gürültusu qarşısında donub qaldı, sonra üstünə gələn təhlükəni ildırım sürətiylə hiss edib, geri çəkildi, kürəyini ağacın bir az əvvəl qucaqladığı gövdəsinə söykədi... Maşının kabinəsindəki yad adamlar qadına təəccüblə baxdılar..

Kişi özünü qadına tərəf atdı, dodaqları, əlləri əsirdi, muncuq-muncuq tər damlaları alnında purçumlanmışdı. Qadını qucaqlayıb sinəsinə sıxdı:

-Qorxma, qorxma, keçdi-dedi və ondan aralanıb əlindən yapışdı, yolu keçirib maşının yanına gətirdi, su çıxardı, ovuclayıb qadının üzünə-gözünə vurdu, içməyə məcbur elədi. Hər şey bir anda olmuşdu, yük maşını elə bil heç qarşısına çıxan qadını fərqinə varmadan keçmiş, arxasında dəhşətli qorxu qoyub uzaqlaşmışdı...

Qadın maşına əyləşdi, kişi sakitləşdi, sudan bir neçə udum içib, keçib oturdu, qadın son dəfə çevrilib uzaqlaşmaqda olan ağaca baxdı...

-9-

Yük maşınındakı iki kişi bir birinə qəribə nəzərlərlə baxdılar:

-Gördün?-sürücü dilləndi

-Gördüm-cavab verdi yanındakı...

-Neçə ildi bu yoldan keçib gedirəm, hələ gözümə dəyməyib, sən bir işə bax!

-Hə, gördün nə boydaydı?

-Gördüm, gördüm- şaqqanaq çəkib güldü-əsl biz axtaran materialdır, elə indiyədək görməmişik deyə o boyda olub da...

-Hə, qadın onu ələ verdi. Görəsən səhərin bu vaxtında nə axtarırdılar orda?

Yanındakı çiyinlərini çəkdi...

-10-

..Gecənin azacıq ay işıqlı qaranlığında kişilər yük maşınından endilər. Əllərindəki elektrik mişarını işə salıb ağacın gövdəsinə dayadılar...

-11-

...Uzaq şəhərin sayı bilinməyən mənzillərindən birində qadın rahat yatağında səhər yuxusunu alırdı. Kişi bir az əvvəl oyanıb gözəl arvadının allanmış yanaqlarına baxır, gülümsəyirdi...

Çarpayının yanındakı kiçik dolabın üstündəki yamyaşıl, yaraşıqlı, canlı ağacın çərçivələnmiş şəkli onlara tərəf baxmamağa çalışırdı...

2014