Müsavat Partiyası Yadigar Sadıqovun taleyindən narahatlıq ifadə edən bəyanat yayıb

Müsavat Partiyası başqanın müşaviri Yadigar Sadıqov

Müsavat Partiyası başqanın müşaviri Yadigar Sadıqovun taleyindən narahatlıq ifadə edən bəyanat yayıb. Bəyanatda Yadigar Sadıqovun Şüvəlan təcridxanasından köçürülməsi ilə bağlı dolğun məlumatın gizlədilməsi qanun pozuntusu kimi dəyərləndirilir:

«İyulun 22-də Yadigar Sadıqov təcridxanadan Salyanda yerləşən cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Təcridxana rəhbərliyinin bildirdiyinə görə, o, qeydiyyatda olduğu Lənkəran şəhərinə yaxın, Salyan rayonundakı «Xələc» Cəzaçəkmə Müəssisəsinə göndərilməli idi. İyulun 2-də «Salyana aparırıq» adı ilə təcridxanadan çıxarılsa da bu baş verməyib və onun hara aparıldığı haqda nə ailə üzvlərinə, nə də vəkillərinə məlumat verilməyib. Müsavat Partiyası Yadigar Sadıqovla bağlı baş verən qanunsuzluğa son qoyulmasını və bu barədə ən qısa zamanda partiyaya və ictimaiyyətə rəsmi məlumat verilməsini tələb edir».

Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.