QS: Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir

-

Dünyanın ən yaxşı ali təhsil müəssisəsi Massaçusets Texnoloji İnstitutudur (MİT).

1990-cı ildə yaradılan və ali təhsil üzrə dünyanın aparıcı informasiya mənbəyinə çevrilən QS - Quacquarelli Symonds dünya universitetlərinin reytinqini hazırlayıb.

Bu reytinqdə Azərbaycanın ən yaxşı universiteti hansıdır?

Cədvələ görə, Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir. O, dünyada 651-700-cü yerləri bölüşür.

Siyahıda Azərbaycandan daha 2 universitetin adı çəkilir. Bakı Dövlət Universiteti və Xəzər Universiteti ilk 700 universitet siyahısına düşməyiblər. Onların yeri 701+ kimi göstərilir. İlk 700 universitet siyahısına düşə bilməyən, ancaq adı çəkilən universitetlərin hamısı 701+ qrupunda göstərilir.

Birinci 400 universitet arasında olanların fərdi reytinqi müəyyən olunub, 401-ci yerdən aşağıda olan universitetlər isə qruplara salınaraq qiymətləndirilib.

Beləliklə, 1-ci yerdə MİT-dir. 2-ci yerdə Kembric universiteti, 3-cü yerdə Londonun İmperial Kollecidir.

Rusiyanın ən yaxşı universiteti- Moskva Dövlət universiteti dünyada 114-cüdür.

Qazaxıstanın Al-Farabi universiteti dünyada 305-cidir.

Gürcüstanın və Ermənistanın universitetləri reytinqə düşə bilməyib.