Qubad İbadoğlu: «Neft kəskin ucuzlaşarsa, bu, manatın dəyərinə də təsir edəcək»

Qubad İbadoğlu

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Qubad İbadoğlu: «Neft kəskin ucuzlaşarsa, bu, manatın dəyərinə də təsir edəcək»

“Əgər dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa, bu, Azərbaycan manatının dəyərinə də təsir edəcək”.

İqtisadçı ekspert Qubad İbadoğlu onu da əlavə edir ki, Azərbaycanın valyuta ehtiyatı manatı bir müddət möhkəm saxlamaq iqtidarındadır:

"Azərbaycanın valyuta ehtiyatı 53 milyard dolları ötüb. Bu o deməkdir ki, Azərbaycan öz milli valyutasının sabitliyini təmin etmək üçün kifayət qədər valyuta ehtiyatlarına sahibdir”.

Müsahibimiz deyir ki, manatı sabit saxlamaq heç də inflyasiyanın aşağı düşməsinə səbəb olmayacaq. Onun fikrincə, inflaysiyaya pulla bağlı amillərdən çox, başqa faktorlar təsir edir:

“İdxal, iqtisadi inkişafla bağlı amillər inflyasiyaya təsir edir”.

“ƏGƏR 100 ADDA MƏHSUL VƏ XİDMƏT ÜZRƏ AYRICA İNFLYASİYA İNDEKSİ HESABLANSAYDI...”

Qubad İbadoğlu Azərbaycanda inflasiyanın birrəqəmli olması ilə bağlı fikirləri bölüşmür. Deyir ki, Azərbaycanda əhalinin istifadə etdiyi gündəlik məhsulların qiyməti yüksəkdir.

“Mən də yaxın gələcəkdə ikirəqəmli inflyasiya gözləmirəm, amma Azərbaycan kimi ölkələr üçün 5-6 faizlik inflyasiya da ailə büdcəsində özünü biruzə verir".

Onun sözlərinə görə, ölkədə inflyasiya yaradan əsas amillər ərzaq bazarındadır:

Bakı, ərzaq bazarı

"Əhalinin əsas xərcləməsi də ərzağın alınmasına yönəlir. Ona görə də inflyasiya birrəqəmli olsa da, ərzaq məhsullarının ayrıca inflyasiya indeksi daha yüksəkdir. Birrəqəmli inflyasiyanın hesablama bazasına baxsaq, görərik ki, mövcud reallığı əks elətdirmir. Çünki inflyasiyanı hesablamaq üçün istifadə edilən səbətdə 585 adda məhsul və xidmət var. Azərbaycanda əhalinin orta təbəqəsi daha çox 100 adda məhsul və xidmətdən istifadə edir. Əgər biz bu 100 adda məhsul və xidməti ayrıca hesablasaq, onda inflyasiyanın səviyyəsinin daha da yüksək olacağını görərdik. Əslində, gerçəkliyi dəyərləndirmək üçün daha düzgün yanaşmadır.

Ölkə prezidenti İlham Əliyev bu ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetindəki müzakirədə deyib ki, gələn il inflyasiyanın səviyyəsi birrəqəmli olacağına əmindir:

“Bu, imkan verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxması və manatın məzənnəsinin düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir".