Hədiyyə Şəfaqət. Var olmaq

Hədiyyə Şəfaqət

-

Hədiyyə Şəfaqət

VAR OLMAQ

Təsadüfən belə alındı….

--------

Qadın pilləkənlərin sulara toxunduğu yerdə köksünü qabardıb üzü küləyə dayanmışdı.

-Salam

-Salam…

Adətən qadınlar tanımadıqları adamın salamını almırlar. O isə cavab verir və dənizə baxmağa davam edir...

Üzünü sualara çevirir. Ləpələr tənbəl-tənbəl oynaşır. Batmağa yollanan günəşin şəfəqləri sularda əks edir, dəyib qayıdır, göz qamaşdırır…

-Gözəldir...

-Hə...

“Qadınlar adətən tanımadıqları adama cavab vermirlər”....

Ona baxır. Çiyinlərinə tökülən yarı dalğalı qızılı saçları ağ bənizinə çox yaraşır. Sifəti tər-təmizdir, sakitdir, çox sakitdir hətta... Baxışları bir yerə zillənib durur...

-Nə düşünürsünüz?

-Heç nə...

Cavab qətiyyətli olsa da kobud deyildi

İnsanlardan uzaq dayanıb gözünü sulara zilləmiş qadına yaxınlaşan yad adam onu narahat etmirdi...

-Amma düşünürsünüz...

-Düşünmürəm...

Bəlkə də düz deyir, düşünmür...

-Aydındır... Düşünmürsünüz...

Üzünü yenidən dənizə çevirdi

-Amma soyuqdur...

-Hə, soyuqdur...

Qadın soyuğu hiss edir.. Deməli üşüyür. Külək get-gedə güclənir, ləpələr indi tənbəl-tənbəl parıldamır, sular coşub. Qadının saçları gah elə, gah belə çırpınıb boyun-boğazına, gözlərinə, dodaqlarına toxunur...

“Heç saçlarını da yığışdırmır”... Az qala əlini uzadıb qadının dodaqlarına ilişib qalan bir tutum teli aralayacaqdı...

...Qadın bunu edən nə ilk, nə də son adamdır. Bu yerin belə xatirələri çoxdur. Amma niyə bu yer? Niyə kimsənin olmadığı, kimsənin gömədiyi bir küncdə eləmirlər ki, bunu?

Hər kəs son andan əvvəl son rastlaşdığı bir adamı sınağa çəkir...

-Bəlkə eləməyəsiniz?

Əslində bu sözü yəqinləşdirmək üçün deyir. Həyatda hələ də axşam sahildə dayanıb günəşin batışını tək seyr etmək istəyən romantik insanlar var...

Qadının səsi çox sakitdir:

-Niyə?

Hə, o düz müəyyən edib, qadın günəşi yola salmağa gəlməyib...

-Bilmirəm... Müxtəlif səbəblərdən etməmək olardı

-Mənim səbəblərim daha tutarlıdır...

“Edəcək!”.... Edənə bənzəyir, lap yaxınlaşıb... Bir anlıq qərarla deyil... Ağlamayıb, gözləri dup-durudur... Sinəsi aramla enib-qalxır... Həyəcan da yoxdur... Sakitcə baxır.... Sakitcə... Çox sakitdir... Məni dinləyir, cavab verir... Əslində kiminlə danışdığı eyninə də deyil, niyə danışdığı da... Amma düz deyir, düşünməyir, düşünüb bitirib... Bəlkə də uzun müddət düşünüb... Bəlkə bunu düşünməyib, amma nə edə biləcəyini düşünüb... Bəlkə də nələrsə də edib... İlk qərarı deyil, son qərarıdır... Buna görə belə sakit və sakitdir... Edəcək!”...

-Yaxşı...

-Sağ olun...

Yox.... Nəsə söyləmək olar... Qadın dolu deyil, tamamilə boşalıb gəlib... Bax, indi başlasa ki, gəl belə eləməyin, həyat sınaqlardanibarətdir, ay nə bilim hər qaranlıq gecənin gündüzü nağılı filan... bu qadın ona gülər. Bəlkə də başqası ağlayardı, başlardı danışmağa, acı taleyindən şikayətə... Amma bu gülər... Özü də necə gülər!

Bu gücdə qadına heyfi gəlməsi lazımdı... Elə də çox qalmayıblar...

-Gəlin təsəvvür edək...

Qadın ilk dəfə üzünü çevirib ona baxdı... Davam elədi:

-Təsəvvür edək ki, etmisiniz...

Qadın susur...

-Etmisiniz, yoxsunuz...

Qadın susur...

-Gedək mənimlə!

Qadın üzünü artıq yarısı üfüqdə gizlənmişgünəşə çevirir... Bir azca təbəssümlə... Təəccüb yoxdur... Sanki bilirmiş. Çiyinlərini çəkir:

-Sizinlə? Tək daha yaxşıdır...

Geri çəkilmir:

-Sizin üçün nə fərqi var ki? Siz artıq yoxsunuz...

Qadın dodaqlarını büzübçiynini çəkir..“Əslində haqlısınız”...

-Çox uzaga deyil, burda, yaxın bir yerdə oturaq, çay içək...

Qadın gülümsəyir... Aman allah, yenə gülümsəyir...

-Mən axı yoxam?

-Hə, yoxsunuz-başını razılıqla tərpədir-amma mən varam, mən içərəm, siz isə baxarsınız...

Razılaşır... Nə itirir ki? O artıq yoxdur...

...Otururlar... Dəniz görünür, sahilin qaranlıqlaşan axşamında işıqlar yandırılmağa başlayıb...

-Bir çay gətirin-yaxınlaşan ofisanta deyir...Ofisant - “Bəs siz?” - qadınabaxır. “Xanım içməyəcək”.. “Bəs xanıma nə?”.. “Heç nə, xanım artıq yoxdur”... Ofisant qaş-qabağını turşudur... Adam zarafatmı edir, onu ələmi salır? Kişi çox ciddidir... Gedir...

İndi o da gülümsəyir... Qadınınbaxışlarını duyub. İndi özü də ona diqqətlə baxır. Qadın tanımadığı kişinin baxışları altında sıxılır, qızarır, barmaqlarının ucuyla masanın üstündə görünməyən rəsm cızmağa başlayır...

-Həyatdaykən çox gözəl qadınmışsınız...

“Mən elə indi də gözələm”-demək pis olmazdı... Amma oyoxdur...

Çay gəlir. Ofisant fincanı kişinin qarşısına qoyub bir an ləngiyir. Heç kim ona baxmır. Gedir...

Fincanı dodaqlarına toxundurur. Çayın ətri qadınacan gəlir... Qəsdən beləsini sifariş edib... Hiss edir ki, canı çay çəkir... Kişi onun nəzərlərini izləyir:

-Sizə çay yoxdur...

Qadın susur...

-Danışın... Anlatın...

-Mənyoxam...

-Amma ola da bilərdiniz... Bir anlıq düşünək, lap elə mən sizin yerinizə düşünüm...

-Ancaq öz yerinizə düşünəcəksiniz...

-Anlayıram...

-Yalan deyirsiniz...

-...Tamam... Yalan deyirəm... Amma bunu etmənizi istəmirəm... Heç nə üçün dəyməz, heç nə üçün... İnsanlar sizi iki günə unudacaqlar..

-Elə də asan deyil...

“Aha! Deməli elə də asan deyil... Aha....”

-Siz çantanızı götürmüsünüz...

-Hə... Alışqanlıq...

- Əzizim-əlini uzadıb qadının əlinin üstünə qoyur, osa əlini cəld çəkir- Dəyərmi?

-Hər şey bitib... Sadəcə nöqtə qoyulmalıdır...

-Kim dedi sizə?

-Mən özüm!-deyir və axşam mehinin onu daha çox üşütməyə başladığını düşünür...

-Üşüdünüzmü?

-Yox

-Yalan deyirsiniz...

-Hə, yalan deyirəm...

-Mən təəssüüf edirəm, görürsünüz, bircə köynəkdəyəm, sizə heç nə təklif edəmməyəcəyəm...

Susurlar... Susurlar... Kişi üzünü dənizə çevirib baxır... Sahildəadamlar çoxalıb, ətraf masalardolub... Səslər gurultuya çevrilmiş kimidir...

-Məncə tezdir...

-Nədən bilirsiniz?

-Siz hələ üşüyürsünüz... Çay da istəyirsiniz...

-Amma bu keçicidir... –bir an susur-həm sizin günahınızdır, mən indi üşüməyə də bilərdim...

Kişi fincanı nəlbəkiyə qoyur. “Cırınqqq!”...Deyəsən bir az sərt oldu..

Qadın səksənir, kişinin arxasıyca o da qalxır

-Gəlin

-İndi hara?

-Əvvəlki yerinizə... Mən sizi ötürüm...

“İndi deyəcək ki, getməyək”...

-Yaxşı, gedək...

Külək yenidən qadının dalğalı saçlarını üz-gözünə çırpmağa başlayır... Dar cığırla yanaşı getmək çətindir... Qolu qadının çılpaq qoluna toxunur...

İndi bayaqkı yerdə çoxlu adam var... Bir dəstə gənc gitara çalan oğlanın başına yığılıb...

Kişiyə baxır, görək nəsə deyəcəkmi?...

-Burdan bir az aralı adamların az olduğu yerlər var...

Qadın eləcə baxır..

-Həm orada dərinlik dərhal başlayır, sahildəncə...

Kişi geri dönür, əlini uzadıb qadının əlindən yapışmaq istəyir, qəfil oldu deyəsən, qadının barmaqları kişinin qolundakı iri saata ilişib ağrıyır...

-Bağışlayın

-Bir şey olmadı..

Saata işarə edir:

-Neçədir?

-Doqquzun yarısı...

Qadın həyəcanlanır, üzü tutulur

-Telefonunuz varmı?

-Neyləyəcəksiniz?

-Evdəkilərlə danışım... İndi yemək üçün gözləyəcəklər...

Kişi onu arxasıyca çəkib aparır

-Sabah onsuz da bunu edəmməyəcəksiniz... Bu gündən niyə sınamayasınız ki?...

Qadın əvvəlki kimi sərt deyil, səsi yumşalıb... Amma qətiyyətlidir:

-Yenə haqlısınız...

...Hə, kişi haqlıdır.. Yer seçmək baxımından da haqlıdır, sahilin bu yeri sakitdir, dalğalar beton dayaqlara dəyib geri qayıdır, suların çırpıntı səsi açıq-aşkar duyulur... Kişi əlini buraxıb dayanıb, eləcə ona baxır...

-Bacarmırsınız?

Bir addım irəli gedir. Kişi gülümsəyir:

-Bir məktub-filan yazdınızmı?

Qadın başını bulayır:

-Yazmadım...

-Çox eqoistsiniz... Deməliydiniz... Niyə ümüd qoyub gedirsiniz ki?... Bilməkləri yaxşıdır...

-Bilmirəm... Siz deyərsiniz...

-Mən sizitanımıram...

-Axı...

-Unutmayın, biz tanış olanda siz yoxuydunuz...

-Hə-qadın başını tərpədir-yoxuydum...

-Bunun tez-tez unudursunuz-kişi qeyd edir...

... Dalğalarin səsi öz ahəngindədir...

-Sevgiliniz vardımı?

Qadının baxışları sərtləşir

-Hansı sevgili?

-Hə... Hansı sevgili... Axı sizin hələ onunla rastlaşmaq imkanınınz olmayıb...

Qadın əməlli-başlı titrəyir. Əllərini yenidən qoynunda çarpazlayıb büzüşür...

-Niyə üşüməyə razı olursunuz ki? Gecikdikcə çox üşüyəcəksiniz...

Qadın üzünü çevirib qorxa-qorxa baxır:

-Siz az qala məni dənizə itələyəcəksiniz..

Kişi soyuqqanlıdır:

-Məgər siz bunu istəmirdiniz?

Sükut...

Dəniz daha çox dalğalanır...

Gecə düşüb, sahilin işıqları get-gedə gurlaşır, dənizin içində işıqlar sayrışır...

Şəhəruğuldamaqdadır...

Qadın iki addım geri çəkilir:

-Mən gedirəm...

Kişi həyəcanlanır. Amma bunu gizlədir, gözləyir, əlləri uzanıb qadının əlindən, qolundan, paltarının ətəyindən, lap elə saçlarından yapışmağa hazır haldadır...

Qadın onun üzünə günahkarcasına baxır:

-Mən getmək istəyirəm...

Kişi gülümsəyir:

-Gedəkmi?

-Siz də mi?

Kişi susur, tərəddüd içindədir:

-Bilmirəm...

Qadın ürəklənib:

-Getmək lazımdır, əgər istəsəniz metroyacan bir yerdə gedə bilərik...

Kişinin qəlb atışları səngiyir, əlləri boşalır, saata baxır:

-Tələsək, bir azdan son qatarlar da gedəcək...

-----------

Metro stansiyasının qarşısında ayrılırlar. Qadın əlini uzadır, onunla stansiyaya düşməyəcəyini bildirir. Kişinin üzündən nigarançılıq duyulur. Qadın gülümsəyir.. Gülüş ona yaraşır:

-Narahat olmayın, düşündüm ki, avtobusla gedim, gecə mənzərəsində gəzinti də pis olmaz...

Kişi başını tərpədir:

-Hə, pis olmaz...

-...

-Uzaqmı gedəcəksiniz?

-Uzaqdan gəlmişəm...

İstəyir desin ki, sizi ötürə bilərəm, amma dinmir. Qadın bunu istəsəydi bəlli edərdi. Ayrılmaq zamanıdır.

Uzanmış əlini sıxıb bir an saxlayır. Qadın əlini yüngülcə çəkib kişinin əlindən çıxarır. Əl, harda dayanacağını bilməyən utancaq qız kimi özünə yer axtarır...

-Minnətdaram...

Kişi gülümsəyir:

-Özünüzə yaxşı baxın...

-Yaxşı-başını tərpədir

- Siz daha varsınız...

Qadın dönüb uzaqlaşır. Kişi stansiyaya düşməzdən əvvəl son dəfə dönüb onun arxasıyca baxır. Görür ki, qadın çiynindəki əl çantasından yüngül yay şarfı çıxarıb çiyinlərinə dolayır...

Dekabr 2014-yanvar 2015