Johannes Hahn: “İlham Əliyevlə görüşümdə bu məsələni qaldırmışam”

Johannes Hahn

“Bəzi üzv dövlətlərimizin təmsilçiləri ikitərəfli görüşlərində heç vaxt insan haqları məsələsinə toxunmayıblar. Görünən odur ki, məsələni izləyən elə Avropa Birliyidir”

-

“Bizim Azərbaycana göstərdiyimiz təzyiq elə də böyük deyil. Ancaq bu, heç də bizim Azərbaycana təsir göstərmək cəhdlərindən imtina etməyimiz anlamına gəlmir”. Bunu Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Johannes Hahn mayın 28-də Brüsseldə Konrad Adenauer Stiftung (KAS) forumunda deyib. Forum mayın 21-22-də Riqada keçirilən AB Şərq Tərəfdaşlığı sammitinin yekunlarına həsr olunub.

Johannes Hahn həmin sözləri Azərbaycanda insan haqlarının durumuna dair danışarkən dilə gətirib:

“Məsələ həmişə nə dərəcədə uğur qazanmaqdadır. Bir şeyi deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin digər məsul təmsilçiləri ilə qapalı görüşlərimdə bu məsələni (insan haqları məsələsini –red.) qaldırmışam və AB ilə Azərbaycan arasında bəzi fikir ayrılıqları var. Ancaq bir şeyi də deməliyəm ki, bəzi üzv dövlətlərimizin təmsilçiləri – çox yüksək çinli siyasətçilər – ikitərəfli görüşlərində heç vaxt bu məsələyə toxunmayıblar. Görünən odur ki, məsələni izləyən elə Avropa Birliyidir. Digər üzv dövlətləri, azından bunu heç vaxt etməyənləri, məsələnin həlli üçün səsini qaldırmağa, siyasi nüfuzundan istifadəyə çağırıram”.

Prezident İlham Əliyev Riqa sammitinə getməyib və hökumət bunu dövlət başçısının Avropa Oyunları qabağı sıx iş qrafikiylə izah edib. Ancaq hökumətyönlü media əsl səbəbin son vaxtlar Qərbin antiazərbaycan ritorikasının artması ilə bağlı olduğunu yazıb.

Özəlliklə beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini siyasi məhbusları qeyd-şərtsiz azadlığa buraxmağa çağırır. Hakimiyyət təmsilçiləri isə bütün tənqidi bəyanatları, çağırışları ölkəyə qarşı “qərəzli qarayaxma kampaniyası”nın tərkib hissəsi sayır.