Təbrizli yazar həbs olunub

-

“Türk dili və Azərbaycan tarixi” və “Məşrutə olayları” kimi kitabların müəllifi Təbrizli yazar və jurnalist Nağı Əhmədi Azərin daha öncə məhkum olduğu 5 il həbs müddətini tamamlamaq üçün yenidən Təbriz Mərkəzi Zindanına göndərildiyi bildirilir.

Bu barədə Amerikanın Səsi məlumat yayıb. Bildirilir ki, Güney Azərbaycan Televiziyası, Araz News və Öyrənci Səsi kimi veb səhifələr bu barədə məlumatı son günlərdə yaysalar da, yazarın həbsinin təqribən 2 həftə öncə həyata keçirildiyini qeyd edirlər.

“Türk milli fəal 5 il həbs çəkmək üçün nəzarətə alındı” başlığı ilə xəbər yayan Günaz TV Nağı Əhmədi Azərin “İran ərazisində Ermənistana qarşı və Azərbaycan Respublikasının xeyrinə casusluq fəaliyyəti aparmaq” ittihamı ilə mühakimə edildiyini yazıb.

İnsan haqları qrupları yazarın 2009-cu ildə nəzarət altına alınıb təqribən 5 aydan sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər. O, daha sonra İran İnqilab Məhkəməsi tərəfindən 5 il həbsə məhkum olub və 10 il boyunca Azərbaycan Respublikasına səfər etməkdən məhrum edilib.