“Diqqət! Düşmən Mətbuatı”

Arxiv fotosu

.Qərb mətbuatında Azərbaycan mövzuları

Erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycanın Ağdam şəhərindən qalanlar...

Müharibə, yalanlar və məhkəmələr

“The Hill” saytında Raoul Lowery Contreras Avropa İnsan Hüquqları Məhkəməsinin Dağlıq Qarabağla bağlı verdiyi məhkəmə qərarından yazır:

“Bu qərar 25 illik Dağlıq Qarabağ münaqişəsinin potensial həllinə ciddi təsir göstərə bilər,” deyə yazıda vurğulanır.

İyunun 16-da açıqlanmış qərarda deyilir ki, Ermənistan lap əvvəldən münaqişənin içindədir, Azərbaycanın ərazisinin bir qisminin işğalına görə məsuliyyət daşıyır.

“Ermənistan rəsmən münaqişəyə dəxli olmadığını deyir, müharibənin Azərbaycandan ayrılmış Dağlıq Qarabağ silahlıları ilə getdiyini vurğulayırdı,” müəllif yazır.

“Çiraqov və digərləri Ermənistana qarşı” adlı işdə də Ermənistan həmin arqumenti səsləndirərək özünü müdafiə edib. Məhkəmə isə qanunsuz işğala görə məsuliyyəti Ermənistanın üzərinə qoyub”.

Müəllifin fikrincə, Ermənistanın Qarabağ müharibəsinə dəxli olmaması mifinin yalan olduğu üzə çıxdı və Avropa Məhkəməsi bununla Ermənistanın apardığı təbliğatın qıçlarını kəsmiş oldu.

Məhkəmə qərarına görə, Ermənistan 20 min nəfərin ölümünə, 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan işğalçı müharibəni tam nəzarətdə saxlayıb.

Ermənilər bu qərardan diqqəti yayındırmaq məqsədilə məhkəmənin mülkiyyətlə bağlı kiçik bir qərarını misal çəkirlər. “Sargsyan Azərbaycana qarşı” adlanan həmin qərar da iyunun 16-da çıxarılıb. İddiaçı Azərbaycanın onu cəbhə xəttində yerləşən, minalanmış mülkünə qayıtmağa icazə vermədiyi bildirir.

Müəllif yazır ki, Ermənistan 25 ildir Dağlıq Qarabağ separatçılarına silah, əsgər və siyasi dəstək verir, Qarabağda erməni əsgərləri hərbi cinayətlər törədib.

“Ermənistanı dəstəkləyənlər dəfələrlə “the Hill”də çıxış edərək bildiriblər ki, bu ittihamlar varsa, Azərbaycan niyə onları məhkəməyə vermir? Azərbaycan məhkəməyə verib. Məhkəmə bu işə 10 il ərzində baxıb və qərar verib ki, Ermənistan suveren Azərbaycan dövlətinin ərazisinin işğalına görə məsuliyyət daşıyır.

Məhkəmə birbaşa Ermənistanı yalan danışmaqda, Azərbaycana qarşı aqressiv müharibə aparmaqda ittiham etdi. Ermənistan ittiham olunub və təqsirkardır,” müəllif məqaləni bu fikirlərlə tamamlayır.

Jurnalist Əfqan Muxtarli

Azərbaycan “düşmən mətbuatı”na qarşı

Transitions Online” saytı azərbaycanlı jurnalist Əfqan Muxtarlının məqaləsini dərc edib. Məqalə Beynəlxalq Hərb və Sülh İnstitutu (IWPR) üçün hazırlanıb.

Məqalədə Azərbaycan hökumətinin “düşmən” mediasını izləmək üçün maliyyələşdirdiyi bir layihədən bəhs olunur. Jurnalist Ekspert Mərkəzi adlanan təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyəsi ilə facebook-da “Diqqət! Düşmən Mətbuatı” adlı səhifə yaradıb.

Səhifədə vurğulanır ki, məqsəd Azərbaycan mediasını dövlət və hərbi sirləri yaymaqdan, milli təhlükəsizliyə ziyan vuracaq hər hansı hərəkətdən çəkindirmək, xarici mediadan istinad olunan “təxribatçı material”ı bloklamaq, jurnalistləri “maarifləndirməkdir”.

Müstəqil jurnalistlər isə buna hökumətin onlara əlavə təzyiq cəhdi kimi baxırlar. Fransada mühacirətdə yaşayan jurnalist Natiq Adilov deyir ki, elə adın özü təşəbbüsün harada gəldiyini göstərir:

“Bu, repressiv sovet sistemində populyar şüar idi – “Diqqət, düşmən heç vaxt yatmır!” Bu, ucuz plagiatlıqdı. Belə bir başlıq seçməkləri də simvolik məna daşıyır”.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu isə kampaniyanı müdafiə edir:

“Dövlət sirri, və ya hərbi sirr sayılan informasiyanın mətbuata ötürülməsini əngəlləmək çox vacibdir. Ölkənin qanunlarını, media hüququnu jurnalistlərə izah edirik”.

Tənqidçilər isə bu layihəyə hökumətin ifadə azadlığını məhdudlaşdırmaq cəhdi kimi baxırlar.

“Azərbaycanda azadlıq anlayışı fərqlidir”

New Eastern Europe” saytı Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidovla müsahibə dərc edib.

Əhməd Şahidov 2014-cü ildə yaradılmış təşkilatın hələ də qeydiyyata alınmadığını, bu səbəbdən hökumət layihələrində iştirak edə bilmədiklərini deyir:

“Siyasi sistemə gəlincə, düşünmürəm ki, Azərbaycanda avtoritar rejimdir. Müəyyən qaydalar var, onlara əməl etsən, sənə heç nə olmayacaq. Hüquq müdafiəçisi kimi mən qırmızı xətti keçməməyə çalışıram”.

Qırmızı xətt kimi o, ölkədə yazılmamış qanunları, məsələn eynicinsli nikahları misal gətirir və bu qanunların pozmağın yaxşı hal sayılmadığını deyir.

“Azərbaycanda siyasi sistemi necə təsvir edərdiniz? Avtoritar deyilsə, demokratik ölkədirmi?”

Bu suala cavabında Əhməd Şahidov deyib ki, Azərbaycanın tam demokratik olduğunu demək də çətindir, Şimali Koreya, və ya Belarus kimi avtoritar rejim də deyil:

“Azadlığımız var, ancaq ölkəmdə azadlıq anlayışı Avropadakında fərqlidir. Məncə, Fransa və ya İsveçrədə əsl din azadlığı yoxdur. Bu ölkələrdə məscid tikməyə rəsmi icazə yoxdur. Müsəlmanların ibadət edə biləcəyi yerlər var, ancaq məscid yoxdur...

Azərbaycanda isə din azadlığıyla bağlı problem yoxdur... Avropada ifadə və seçki azadlığı var, ancaq bizdə bu məsələlərlə bağlı bəzi problemlər mövcuddur. Buna görə də Azərbaycanda və Avropada azadlıq anlayışı fərqlidir”.