Rövnəq Abdullayev: “Almaniya yığması haqda fikir deməyə ehtiyac duymuram”

-

AFFA prezidenti Rövnəq Abdullayev 2018-ci il futbol üzrə dünya çempionatı seçmə mərhələsinin püşkatmasının nəticələrini şərh edib. R.Abdullayev deyib ki, Azərbaycan yığması maraqlı qrupda yer alıb:

“San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.

İyulun 25-də 2018-ci ildə futbol üzrə dünya birinciliyinin seçmə mərhələsinin əsas püşkatması keçirilib.

Azərbaycan yığma komandası C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə mübarizə aparacaq.