Miqrantlar Almaniyaya axışmaqdadır

Macarıstandan Avstriyaya keçən miqrantlar

-

Sentyabrın 6-da minlərlə miqrant Almaniyaya çatıb. Əsasən Suriya, Əfqanıstan və İraqdan gələn miqrantlar Macarıstanda günlərlə qalandan sonra Avstriya ərazisindən keçməklə Almaniyaya yola çıxıb.

Alman rəsmiləri sentyabrın 5-də 11 min, 6-da isə 10 min qaçqının ölkəyə gəldiyini bildirir. 140 maşından ibarət, ərzaq və suyla dolu karvan Vyanadan çıxıb. Onlar Avstriya sərhədindəki miqrantları yığır, onlara yardım paylayır.

Macarıstan neçə gün idi miqrantların Avstriya və Almaniyaya qatarla getməsinə mane olur, onları qeydiyyata almağa çalışırdı. Avstriya isə Almaniya ilə miqrantların keçməsinə dair razılıq əldə edib. Yəni daha onların çatdıqları birinci Avropa Birliyi ölkəsində qeydiyyata alınması tələb olunmur.

Macarıstan, Avstriya və Almaniya bildirib ki, humanitar böhranın qarşısını almaq məqsədilə miqrantlara icazə verilir və bu, presedent sayılmayacaq.