IV Bakı Kitab Sərgisindən bir oxucu təəssüratı

- IV Bakı Beynəlxalq Kitab Sərgisi (16-18 sentyabr) sona çatır. İndi sosial şəbəkələrdə nəşriyyatlar sərgidə çəkdikləri fotoları paylaşır, oxucular sərgidən təəssürat qeydlərini yazırlar.

Oxuculardan biri Şəhla Əliquliyevanın sərgi təəssüratı belə olub:

Oğlum üçün kitablar aldım

"Demək, dünən kitab sərgisinə getdim. 37 və 88 nömrəli avtobuslarla düz qabağına getmək olurmuş.

Sərgi xeyli böyük imiş. Xaricdən gələn çox deyil. Xarici qurumlar arasında yalnız Estoniya, Albaniya, Makedoniya, Tacikistan, Belarus, Türkiyə və İran təmsilçiləri vardı, onlar da dil baryerinə görə heç nə satmırdılar.

Eston stendinə düzülmüş kitablar, üstündə nə yazıldığını heç anlamasam da, çox zövqlə dizayn olunmuşdu.

"National Geographic Azərbaycan"-ın ayrıca stendi var. KİDS də daxil olmaqla, bütün nömrələrini satışa çıxarıblar. Üstəlik 50% endirimlə.

Ümumiyyətlə, kitab satan stendlərin əksəriyyətində 20 %-dən 50%-dək endirim var.

Aldığım bütün kitabları oğlum üçün aldım. "Qanun" nəşriyyatından 4, "Qələm" Nəşrlər Evindən 7 (əsasən məktəbə hazırlıq və test kitabları), daimi müştərisi olduğumuz "Altun kitab"dan 15 ("Mənim ilk kitabım" seriyasından olan kolleksiyamızda çatışmayan kitabları, sərgidə biri 80 qəpiyə satılır) kitab.

Bundan başqa, hədiyyə olaraq cürbəcür əlfəcinlər, broşürlər, bloknot, qələm və qovluq verdilər.

Diqqətimi cəlb edən stendlər arasında ADA Universiteti, ABŞ səfirliyi, Xalça Muzeyi və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi də oldu.

Xalça Muzeyi satışa sayca az, amma çox zövqlü (kitab olmayan) şeylər çıxarıb.

Universitetlər və onların kitabxanaları da təmsil olunub. Bakı Dövlət Universitetinin, rəsmi məlumatlara görə, ölkədə ilk 3 ən böyük kitabxanadan biri olan kitabxanasının olduqca miskin stendi vardı. Nümayiş olunan kitabların üzərində də əsasən "Abel Məhərrəmov" yazılmışdı.

Bir ata-bala diqqətimi cəlb etdi və mən onlara heyran qaldım. Ata çox təmkinli, oxumuş adama oxşayırdı. Bala da ən uzağı 9-10 yaşında, balaca professora oxşayan balaca oğlan idi.

Hətta boynunda kəpənəyi də var idi. Əsl klassik professor imici. Uşaq rahatca öz seçimlərini edirdi. Ata müdaxilə etmirdi, arabir nə barədəsə fikrini deyirdi.

Üstəlik, bu, bir azərbaycandilli ailə idi və kitabları da Azərbaycan dilində seçirdilər.

Məni ən çox təəccübləndirən təmsil olunan yerli çap evlərinin sayı oldu. Tanımadığımız, yaxud fərqinə varmadığımız çoxlu yerli çap evi var imiş.

"Qanun" nəşriyyatının stendi həmişəki kimi hamınınkından böyük idi. Həmişəki kimi xarizmatik Şahbaz Xuduoğlunun özü oxucuların qarşısına çıxıb kitab satırdı.

Onu hər dəfə görəndə bir daha düşünürəm ki, sevdiyi işlə məşğul olan insan həqiqi həyatı yaşayır."