ABŞ-la Rusiya məsləhətləşəcək

Sergei Lavrov və John Kerry

ABŞ və Rusiya hərbçiləri təsadüfi toqquşmalardan qaçmaq üçün yaxın vaxtlarda görüşmək qərarına gəliblər.

Bu barədə sentyabrın 30-da BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra məlumat verilib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov jurnalistlərə deyib ki, bu cür gözlənilməz insidentlərdən qaçmaq üçün rabitə kanalı yaratmaq lazımdır.

ABŞ Dövlət katibi John Kerry bildirib ki, müzakirələr oktyabrın 1-də keçirilə bilər.

Buna səbəb Rusiyanın sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başlaması olub.

Rusiya əsas hədəfin İslam Dövləti qrupu olduğunu deyir. Amma Qərb diplomatları və Suriya müxalifəti bildirir ki, vurulan ərazilər ekstremist qruplara aid deyil.

ABŞ hesab edir ki, hədəf Rusiya Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançılar da ola bilər.

Amma Kerry deyib ki, Rusiyanın keçirdiyi reydlər İslam Dövləti qrupu və ya Əl Qaidəyə qarşı olsa Vaşinqton buna etiraz etməyəcək.

Qeyd edək ki, ABŞ-la Fransa da Suriya və İraqda yaraqlılara qarşı hava reydləri keçirirlər.

Rusiyanın xarici işlər naziri Lavrov hədəfin İslam Dövləti qrupu olmaması ilə bağlı məlumatların əsassız olduğunu deyib.

ABŞ və onun müttəfiqləri hesab edir ki, Suriya prezidenti Bashar Assad getməlidir.

Amma Kremil buna qarşı çıxır və Suriya ordusunu İslam Dövləti qrupu ilə mübarizədə əsas qüvvə hesab edir.