A.Məmmədovun anası ölkədən buraxılmayıb

Arif Məmmədov

Keçmiş Azərbaycan diplomatı Arif Məmmədovun anası oktyabrın 25-də ölkədən buraxılmayıb.

Bu barədə Arif Məmmədov facebook səhifəsində yazıb.

Məlumata görə, keçmiş diplomatın anası müayinə və qardaşının qəbrini ziyarət etmək üçün iki həftəlik Riqaya getmək istəyirmiş, amma Bakı aeroportunda onu saxlayaraq ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər.

Xatırladaq ki, Arif Məmmədov facebook səhifəsində Bakıda çoxmərtəbəli binada 16 nəfərin həyatına son qoyan yanğına görə məmurları tənqid etdikdən sonra Azərbaycanda ona qarşı cinayət işi açılıb. Bundan sonra Məmmədov dövlət əleyhinə fəaliyyətdə ittiham olunub və Avropa Birliyi yanında İslam Konfransı Təşkilatının nümayəndəsi vəzifəsini tərk edib.

Bundan başqa onun statusunu bəyənən diplomatlara da təzyiqlər olunub.

Onlardan bir neçəsi Azərbaycana qayıtmaqdan imtina edərək, xaricdən sığınacaq istəyib.