Putin Parisdə Erdoganla görüşməyəcək

Barack Obama və John Kerry

Parisdə iqlim sammiti başlayıb.

Fransa prezidenti Francois Hollande noyabrın 30-da konfransın açılışında çıxış edərkən dünya liderlərini ciddi iqlim razılaşması hazırlamağa çağırıb.

BMT-nin baş katibi Ban Ki Moon isə bildirib ki, temperaturun artmasının qarşısını almaq üçün dnya daha tez və daha uzunmüddətli hərəkət planı qəbul etməlidir.

Noyabrın 30-dan dekabrın 1-dək keçirilən sammitdə 150-dək ölkənin liderləri iştirak edir.

196 ölkənin təmsilçiləri planetdə istiləşmənin əsas səbəbi sayılan dəm qazlarının atmosferə buraxılması ilə bağlı razılaşma üzərində işləyəcəklər.

ABŞ, Çin, Rusiya və Hindistan liderləri də konfransda iştirak edirlər.

Konfrans çərçivəsində terrorçuluq və “İslam Dövləti” qrupu ilə mübarizə məsələsi də müzakirə olunmalıdır.

Kremlin sözçüsü Dimitry Peskov bildirib ki, prezident Vladimir Putin Türkiyə prezidenti Racep Tayyip Erdoganla görüşməyəcək. Peskov bildirib ki, Paris konfransı çərçivəsində Türkiyə rəsmiləri ilə görüş nəzərdə tutulmur.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasında gərginliyə səbəb olub.

Amma Peskov Rusiya və ABŞ prezidentlərinin konfrans çərçivəsində görüşəcəklərini istisna etməyib.