İran son şərti də yerinə yetirdi

Behrouz Kamalvandi

İran Arakdakı nüvə reaktorunu ləğv elədi.

Bu barədə yanvarın 14-də İranın dövlət televiziyası məlumat yayıb.

Bu irana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasında əsas və son şərt idi.

İran Atom Enerjisi Sgentliyinin sözçüsü Behrouz Kamalvandi bildirib ki, beynəlxalq müfəttişlər yekun hesabat hazırlamazdan əvvəl işin gedişini yoxlayırlar.

ABŞ Dövlət katibi John Kerry bundan əvvəl bildirmişdi ki, İran dünya ölkələri ilə nüvə razılaşmasının əsas məqamını yerinə yetirdikdən bir neçə gün sonra Tehrana qarşı sanksiyalar götürülə bilər.

Reutersin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin yanvarın 15-də İranın sazişə əməl etdiyini təsdiqləyəcəyi gözlənilir.

Kerry deyib ki, yəqin ki, bundan bir neçə gün sonra İrana qarşı sanksiyalar götürüləcək.

Qeyd edək ki, Tehran bundan əvvəl Fordo və Natanz nüvə obyektlərində də sentrifuqaların sayını kəskin azaldıb və razılaşma əsasında tonlarla az zənginləşdirilmiş uranı Rusiyaya göndərib.

İranla nüvə sazişində Tehranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzidə ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.