Clooney Xədicəni müdafiə etmək istəyir

-

Dünyanın tanınmış vəkillərindən olan Amal Clooney Azərbaycan jurnalisti Xədicə İsmayılovaya öz xidmətini təklif edib, onun hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə etmək istədiyini deyib. Bu barədə vəkilin özü NBC telekanalının “Meet the Press” televiziya şousunda bildirib.

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın və vəkilinin bu təklifi nəzərdən keçirəcəyi bildirilir.

Xanım Clooney Xədicənin adını birbaşa çəkməsə də deyib ki, onun Azərbaycanda “yeni müştərisi var” və “bu jurnalist qadın hakim rejimin bir neçə korrupsiya əməllərini ifşa edib”. “O, çox cəsarətli qadındır” – deyib Clooney.

İnsan haqları ilə bağlı bir sıra səs-küylü işlərə vəkillik etmiş Amal Clooney Hollywood ulduzu George Clooney-nin həyat yoldaşıdır.

Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek-in “erməni soyqırımı” məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili Amal Clooney olub.

Xədicə İsmayılova 2015-ci ildə 7 il yarım həbs cəzasına məhkim edilib. AzadlıqRadiosunun rəhbərliyi jurnalistə ittihamları onun prezident İlham Əliyevin ailə üzvlərinin biznesini üzə çıxaran araşdırmalarına görə qisasçılıq adlandırıb.