Ombudsmanın hesabatı qəbul olundu

-

Ölkə parlamenti aprelin 5-də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın 2015-ci il üzrə illik hesabatını qəbul edib.

Turan-ın xəbərinə görə, ombudsman parlamentdəki məruzəsində qeyd edib ki, 2015-ci ildə ona ünvanlanan müraciətlərin sayı artıb.

“Ümumilikdə müvəkkilin fəaliyyəti dövründə 130 010 müraciət daxil oub. 2015-ci ildə müraciətlərin sayı 15 320 olub. 2014-cü illə müqayisədə müraciətlərin sayı 17 faizə qədər artıb” - deyə ombudsman bildirib.

E.Süleymanova müraciətlərin 73 faizinin şikayətlərdən, 27 faizininsə ərizələrdən ibarət olduğunu deyib. Onun bildirdiyinə görə, müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil edib. Aparatda və regional mərkəzlərdə ümumilikdə 2 966 şəxs qəbul edilib.

Şikayətlərin 46 faizindən anonimliyindən, ombudsamnın səlahiyyətlərinə aid olmaması və təkrar edilməsi səbəbindən imtina olunub.

E.Süleymanov şikayətlərin 53 faizinin icraata qəbul edildiyini, onların 64 faizdən çoxunun təmin edildiyini bildirib.

Hesabatın tam mətni insan hüquqları üzrə müvəkkilin saytı üzərindən açıqlanacaq.

Hər il ombudusmanın verdiyi hesabatları bəzi hüquq müdafiəçiləri sərt tənqid edirlər. Bu tənqidlərdə əsas arqument isə ondan ibarətdir ki, ombudsman 10 ildən çox fəaliyyəti ərzində bir dəfə də işgəncə faktını ortaya qoymayıb. Əksinə bu məsələdə onun mövqeyi hüquq mühafizə orqanlarının mövqeyindən kəskin şəkildə fərqlənməyib.