HRW-dan gənc fəallar bəyanatı

Qiyas İBrahimov və Bayram Məmmədov(sağda)

-

“Azərbaycan hakimiyyəti iki gənc fəala qarşı şübhəli narkotik saxlama ittihamları irəli sürüb. Bu ittihamların heykəl üzərindəki yazılarla bağlı olduğu görünür. Hakimiyyət onları dərhal buraxmalı və polisdə pis rəftara məruz qalmaları barədə məlumatları araşdırmalıdır”. Beynəlxalq “Human Rights Watch” insan haqları təşkilatı bu barədə bəyanat yayıb.

Söhbət ötən həftə narkotik saxlama ittihamıyla 4 aylığa həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovdan gedir. Onlar mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə etirazçı şüarlar yazandan sonra saxlanıblar. Mayın 12-də isə həbsə məhkum ediliblər.

“Azərbaycan gənc fəalları qorxutmaq, onları mübarizədən çəkindirmək məqsədilə saxta narkotik maddə ittihamından yararlanır”, qurumun Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia deyir.

Bəyanatda Azərbaycanda onlarla siyasi fəalın, insan haqları müdafiəçisinin, jurnalistin, hökumət tənqidçisinin həbsə atıldığı vurğulanır.

Ancaq hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslər olmadığını bildirir.