Minsk Qrupu işini genişləndirir

-

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 31-də Azərbaycan, iyunun 2-də isə Ermənistan xarici işlər nazirləri ilə görüşüb qurumun sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı layihəni onlara təqdim edib.

Danışıqların yekunlarına dair həmsədrlərin bəyanatda deyilir ki, görüşdə məqsəd 16 may Vyana görüşündə əldə olunan razılaşmanın yerinə yetirilməsinin gedişinin müzakirəsidir.

Bəyanatda qeyd edilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

“Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini nazirlərə təqdim ediblər. Nazirlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədilə iyunda danışıqların növbəti raundu barədə prezidentlər arasında razılaşmanı təsdiqləyiblər”, - bəyanatda deyilir.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Bəyanatda həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsinin vacibliyi də öz əksini tapmışdı.

Ancaq bundan az sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov məsələyə belə münasibət bildirmişdi: «Andrzej Kasprzyk-in səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik».