Terim: “Nəticə qazanmağın vaxtıdır”

Fatih Terim

-

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Çexiya ilə iyunun 21-də keçiriləcək sonuncu qrup oyunu ərəfəsində qeyd edib ki, artıq böhranı arxada qoymağın və nəticə qazanmağın vaxtıdır.

Xatırladaq ki, D qrupunda qərarlaşan Çexiyanın 1 xalı var, Türkiyənin isə xalı yoxdur. Terimin UEFA-nın rəsmi saytında yer alan açıqlamasında belə deyilir:

“Həmişə deyirdim ki, bu, “ölüm qrupu”dur və qrupdan çıxmaq çətin olacaq. AÇ-yə qədər keçirdiyimiz 16-17 oyun ilə müqayisə edəndə indi yığmamızın eniş yaşadığını deyə bilərik. Vəziyyətin dəyişəcəyinə ümid edirəm, ancaq problemlərimizin olduğu şübhə doğurmur. Oyun maraqlı olacaq: hər iki komandaya qələbə lazımdır. Oyun şahmat partiyasına bənzəyəcək. Çexiya yığması “bərk qozdur”. Xorvatiya ilə oyunda 0:2-dən sonra hesabı bərabərləşdirə bildilər. Onlarla ehtiyatlı olmaq lazımdır. Biz bitdi demədən bitməz – bu bizim devizimizdir. Nəticə qazanmağın vaxtıdır. Bəzən futbolda heç də hər şey sənin ssenarinə uyğun olmur. Amma ümid edirəm ki, bu böhranı arxada qoyacaq və başqa şeylər haqda düşünməyə başlayacağıq."