SOCAR-dan 2.3 milyardlıq sərmayə

İllüstrasiya

►"Cənub Qaz Dəhlizi” layihəsi dünyanın ən iri və ən çətin layihələrindən biridir".

Turan-ın xəbərinə görə, bunu "SOCAR Energy Greece" (SOCAR-ın Yunanıstandakı törəməsi) şirkətinin rəhbəri Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsası olan "Şahdəniz-2" yatağının işlənməsinin 70 faizi artıq yekunlaşıb.

O bildirib ki, uzunluğu 871 kilometr olan Trans-Adriatik Qaz Xətti (TAP) layihəsinin ümumi dəyəri 6,2 mlrd. avro təşkil edir.

"Bu layihənin icrası zamanı Yunanıstan iqtisadiyyatına 2,3 milyard avro həcmində birbaşa investisiya yatırılacaq. Layihə 8 min iş yerinin açılmasına səbəb olacaq ki, bunun da 2 mini daimidir", A.Məmmədov deyib.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Bu layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.

«Cənub Qaz Dəhlizi»TANAP və TAP layihələrini özündə birləşdirir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır.

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

SOCAR prezidenti R. Abdullayev bildirmişdi ki, Azərbaycana «Cənub Qaz Dəhlizi» layihəsində öz öhdəliklərini yerinə yetirməkdən ötrü 7 milyard dollar investisiya lazımdır.