SOCAR: “Borcumuz 6,3 milyard dollardır”

-

“SOCAR borclanmaya meylli deyil, bu səbəbdən daxili mənbələrdən kredit cəlb etməyə çalışır. Daxili mənbə kimi, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1,2 milyard dollar həcmində kredit alıb ”.

*Youtube Kanalımıza abunə ol və videoları izlə - Ölkədə baş verənlərdən xəbərin olsun!

Bu sözləri SOCAR rəhbərliyinin QHT rəhbərləri ilə görüşündə şirkətinin vitse-prezidentlərindən Suleyman Qasımov deyib.

Beynəlxalq maliyyə institutlarının SOCAR-a inandığını ifadə edən vitse-prezident beynəlxalq maliyyə institutlarından aşağı faizlərlə kreditlər aldıqlarını da qeyd edib.

“Biz özümüz də çalışırıq ki, bu kreditlər uzunmüddətli olmasın. Bu səbəbdən son zamanlar biz banklardan maksimum 5 faiz olmaqla, 5 illik kredit alırıq".

S.Qasımov SOCAR-ın ümumi aktivləri haqda da danışıb. Onun deməsinə görə, aktivlər 39,9 milayrd manata qədər artıb.

“Artımın əsas səbəblərindən biri manatın dollara olan ekvivalentidir. Buna səbəb isə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi olub. SOCAR-ın banklar qarşısında öhdəlikləri var. Bəzən mətbuatda SOCAR-ın borcları ilə bağlı yanlış məlumatlar yazılır. SOCAR-ın əsas borcları xarici valyutadadır. Təbii ki, valyutanın məzənnəsi dəyişdikcə, borcun həcmi də dəyişir. Əgər hazırda konsolidə olunmuş borcumuz 6,3 milyard dollardırsa, manat ekvivalentində bu rəqəm 9,4 milyarda bərabərdir. SOCAR hazırda bütün həyata keçirdiyi layihələri davam etdirir. Bu layihələrin icrası üçün cəlb olunmuş borcların çoxu dövlət zəmanətlidir və hissə-hissə qaytarılacaq”, vitse prezident qeyd edib.

Son vaxtlar müxalifət SOCAR rəhbərliyini borclanmaya görə, tənqid edir. Tənqidlərdə xüsusilə qeyd edilir ki, bu şirkət idman yarışlarında reklama böyük pullar ayırmamalıdır. Müxalifət hesab edir ki, sonradan həmin pullar xalqın hesabına ödənəcək. SOCAR qarşıdakı 4 ildə UEFA-ya 80 milyon avro ödəməlidir. Hazırda davam edən futbol üzrə Avropa Çempionatının oynandığı stadionlarda SOCAR-ın reklamları verilir.