Nuru Paşa yad olunub

Nuru Paşa

İstanbuldakı Edirnəkapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Nuru Killigil) xatirəsi yad olunub.

Xəbəri AZƏRTAC yayıb.

Anım mərasiminə Azərbaycan və Türkiyədən olan tanınmış şəxslər, Azərbaycanın diplomatik nümayəndələri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının nəslindən olan şəxslər, QHT və KİV təmsilçiləri qatılıblar.

Bakıdan və Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən - Killigil ailəsinin doğma yurdundan gətirilən torpaqlar Nuru Paşanın məzarı üstünə səpilib.

Nuru Paşa 1918-ci ildə Bakını daşnak-bolşevik işğalından azad edən Qafqaz İslam Ordusunun komandanı olub. 1918-ci il sentyabrın 15-də Bakını bolşevik işğalından qurtarıb. Azərbaycan Xalq Cümhuriyyəti ancaq bundan sonra paytaxt olaraq Bakıda fəaliyyət göstərə bilib.

1920-ci ildə Azərbaycanın bolşevik işğalından sonra Nuru Paşa Türkiyəyə qayıdıb. 1944-cü ildə rəhbəri olduğu silah zavodundakı partlayış nəticəsində 27 nəfər iş yoldaşı ilə birlikdə həlak olub.