Avropa Oyunlarındakı qəzaya görə məhkum edilənlər narazıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

2015-ci ilin yayında Bakıda keçirilən Avropa Oyunları zamanı baş verən avtobus qəzasına görə məhkum edilən dörd nəfərdən üçü hökmdən narazı qalıb. Avtobusun sürücüsü Vəli Əhmədov istisna olmaqla, qalanları Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Qəzanın görüntülərini yaymaqda suçlanan polis əməkdaşı - Nizami Rayon Polis İdarəsinin «Təhlükəsiz şəhər» kamerasının operatoru Elçin Həsənov bəraət istəyir. Əvvəllər yol qəzasına görə məhkum olunmuş Vəli Əhmədovun Avropa Oyunlarında xidmət göstərəcək sürücülərin siyahısına salınmasına imkan verdiyinə görə səhlənkarlıqda ittiham olunan Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri də özlərini təqsirli bilmirlər. Onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və Xidmətin Bakı Regional Şöbəsinin Sərnişindaşımanın təşkili sektorunun məsləhətçisi Fərid Əmiraslanovdur.

Xatırladaq ki, ötən il iyunun 11-də baş vermiş qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinovic, Luna Pajer və Verena Breit xəsarət alıb.

Bu qəzaya görə sürücü Vəli Əhmədova 3 il, Hüseyn Salamova 3 il, Fərid Əmiraslanova 2 il 11 ay 28 gün, Nizami Rayon Polis İdarəsinin «Təhlükəsiz Şəhər» xidmətinin keçmiş əməkdaşı Elçin Həsənova 4 il cəza verilib. Hökmə əsasən, Elçin Həsənov istisna olmaqla, digərləri cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.