Rusiyada yarım milyon azərbaycanlı miqrant var?

Moskva bazarı

«Azərbaycandan miqrasiya axını, əsasən, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələri istiqamətindədir. Bu müstəvidə ən böyük miqrasiya axını Rusiya istiqamətində yaşanır. Rusiya Federal Miqrasiya Xidmətindən əldə etdiyimiz məlumata görə, hazırda 500 minə qədər Azərbaycan vətəndaşı Rusiyada yaşayır. Onların Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğu, təhsil aldığı qeyd olunur».

APA-nın xəbərinə xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. O bildirib ki, son 2 ildə Avropa Birliyi ölkələrindən Azərbaycana qaytarılan qeyri-qanuni miqrantların sayı 450 nəfərdən bir qədər artıqdır: «Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 civarında olur. Azərbaycana gəlib, daimi əsaslarla yaşamaq istəyənlərin sayı ölkədən gedənlərin sayından daha çoxdur. Bu səbəbdən də 2008-ci ildən bəri Azərbaycanın miqrasiya saldosu müsbətdir».
Şura sədri onu da qeyd edib ki, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin sayı təxminən 1300-ə yaxındır: «Bunlar, əsasən, Əfqanıstan, Rusiya-Çeçenistan və İran vətəndaşlarıdır».

Ötən əsirin sonlarında ölkə mətbuatının yazdığına görə, təqribən 2 milyona yaxın insan Azərbaycandan çörəkpulu dalıyca Rusiyaya üz tutmuşdu. Sonrakı illər həm Azərbaycana böyük neft pullarının gəlməsi və həmdə Rusiyada iqtisadi böhran üzündən bu ölkədəki miqrantların bir hissəsinin Azərbaycana döndüyü bildirilir. Bununla belə, ekspertlər düşünür ki, indinin özündə Rusiyada Azərbaycandan gedən əmək miqrantları yarım milyondan çox olar. Ekspertlərin deməsinə görə, Rusiyadakı azərbaycanlı əmək miqrantlarının bir hissəsi saxta qeydiyyat sənədləri ilə çalışırlar.