Elmar Məmmədyarov Lavrovla görüşüb

Elmar Məmmədyarov və Sergey Lavrov

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 24-də Moskvada rusiyalı həmkarı Serqey Lavrovla görüşüb.

Bu haqda Azərbaycan Xarici Işlər Nazirliyi (XİN) xəbər verir.

Xəbərdə bildirilir ki, görüş Elmar Məmmədyarovun Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində baş tutub.

Buna da bax:​ Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində (2016-cı ildə) qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparıldığı bildirilir.

Xəbərdə qeyd edilir ki, Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu söyləyib.

Görüşdə həmçinin, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Buna da bax: 'Bu sual Azərbaycan-Rusiya münasibətlərinin əcaibliyini ortaya çıxardı'

XİN-in məlumatında “son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulduğu” da qeyd edilir. Bu məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlindiyi qeyd edilir. Ancaq həmin məsələlərlə bağlı ətrafı bilgi verilmir.

Rusiya xarici işlər naziri S. Lavrovun bu günlər Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinin narazılığı ilə qarşılanıb. S. Lavrov demişdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil.

Buna da bax: Məmmədyarov Lavrovun fikirlərinə münasibət bildirdi

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.