Köçkünlərlə izahat işi aparılacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Sumqayıtda köçkünlərin etirazı

Fevralın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə müşavirə keçirilib.

Bu barədə komitədən məlumat yayıb.

Müşavirədə prezidentinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərmanından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında fikir mübadiləsi aparılıb.

Ə.Həsənov fərmanı prezidentin məcburi köçkünlərə yüksək diqqət və qayğısı kimi dəyərləndirib. O qeyd edib ki, bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməlidir. Bu istiqamətdə heç bir neqativ hala yol verilməməsindən ötrü bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.

Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri bölgü qrafikinə uyğun Bakı şəhərinin 11 rayonunda hər gün sayğaclar qoyulan obyektlərdə icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalıdırlar. Onlar izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına cavab verməlidirlər.

XATIRLATMA

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

Bu fərman məcburi köçkünlərin etirazları ilə qarşılanıb. Xırdalanda, Sumqayıtda və Bakının müxtəlif rayonlarında məskunlaşan köçkünlər etiraz aksiyası keçirərək sayğaclaşmaya yol verməyiblər. Onlar bildiriblər ki, 36 manat kommunal ödənişlərdən ötrü kifayət etməyəcək.