Şəkər çuğunduru istehsalçılarına dəstək, amma...

İmişli şəkər zavodu.

Azərbaycanda hökumət şəkər çuğundurunun emalı ilə məşğul olanlara maliyyə dəstəyi verəcək. Belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə, 4 manat subsidiya ödəniləcək.

Prezident İlham Əliyev aprelin 4-də bununla bağlı fərman imzalayıb.

Fərmanla, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilməyəcək.

Buna da bax:​ Pambıq əkənlərə yardımlar artıb

Nazirlər Kabineti iki ay ərzində şəkər çuğunduru istehsalçılarına subsidiya verilməsi qaydasını hazırlamalıdır.

Hökumət bundan əvvəl barama və ipək emalının dəstəklənməsi haqda da qərar verib.

Nazirlər Kabineti barama yetişdirən şəxslərin müəssisələrə təhvil verdikləri yaş baramaya subsidiya məbləğini müəyyənləşdirmişdi - hər kiloqramına 5 manat.

Buna da bax: Devalvasiya şəkər zavodunu da «vurub»?

2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır.

Buğda, çəltik, pambıq, tütün əkininə görə də qeyd edilən məbləğə 40 manat əlavə edilir. Ötən ildən etibarən hər yetişdirilən 1 kq baramaya görə isə 2 manat yardım verilir.