Ombudsman bloqqerlə bağlı nazirə müraciət edib

Ombudsman Elmira Süleymanova, 18,12.2013

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Sülymanova daxili işlər naziri Ramil Usubova müraciət edərək həbsdəki bloqqer Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunmasından ötrü zəruri addımların atılmasını xahiş edib.

Bu haqda AzadlıqRadiosuna bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.

Bununla bağlı vəkili Ombudsman Aparatı məlumatlandırıb.

Elçin Sadıqovun deməsinə görə, Ombudsmanın daxili işlər nazirinə ünvanladığı məktubda ona istinadən qeyd edilir ki, M.Hüseynovun şəxsiyyət vəsiqəsini 2012-ci ildə Səbail rayon Polis İdarəsi götürüb. Bloqqer dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verməyiblər.

E.Süleymanova R.Usubovdan xahiş edib ki, bloqqerin şəxsiyyət vəsiqəsi ilə bağlı durum araşdırılsın və müvafiq tədbir görülsün.

Ombudsman Aparatı Mehman Hüseynovun sağlıq durumunun araşdırılmasından ötrü də müvafiq addım atıb.

Aparat rəhbəri Aydın Səfixanlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərib.

İdarənin rəisinə ünvanlanan məktubda M.Hüseynovun müayinə edilməsi, əməliyyata ehtiyacının olub-olmamasının araşdırılması və Ombudsman Aparatına məlumat verilməsi xahiş olunur.

M.Hüseynovun 5 ilə yaxındır ki, şəxsiyyət vəsiqəsi yoxdur.

Həbsdəki bloqqerin sağlıq durumunda da problem olduğu deyilir. Vəkilinin açıqlamasına görə, venasında problemlər olan bloqqerin ağrıları artıb, o, əməliyyat edilməlidir.

XATIRLATMA

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.