Ombudsmanın nümayəndələri həbsdəki bloqqerlə görüşüb

Mehman Hüseynov məhkəməyə gətirilən zaman.

İnsan Hüquqları üzrə Müvəkkilinin işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri mayın 17-də 14 saylı Cəzaçəkmə Müəssisəsində olublar.

Bu haqda Ombudsman Aparatının məlumatında bildirilir.

Həkimlərin də daxil olduğu qrupun müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yeməkxanasına, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirdiyi bildirilir.

Buna da bax:​ Ombudsman bloqqerlə bağlı nazirə müraciət edib

Qrup üzvləri adıçəkilən müəssisədə cəza çəkən bloqqer Mehman Hüseynovla da görüşüblər.

Onun digər məhbuslar kimi konfidensial qaydada qəbul edildiyi, şikayətlərinin dinlənildiyi bildirilir. Görüşün detalları açıqlanmır.

Ombudsman Aparatı həmçinin məhkumların onlarla rəftardan şikayət etmədiklərini bildirib.

Azərbaycanda Ombudsman Aparatından bəzi hüquq müdafiəçiləri narazılıq edirlər. Onlar deyillər ki, bu Aparatın təmsilçilərinin monitorinqində işgəncələrlə bağlı şikayətlər bir qayda olaraq təsdiqini tapmır. Bu da onların müstəqilliyinə şübhələri artırır. Amma Ombudsman Aparatından belə mülahizələri qəbul etmirlər.

Buna da bax: Bloqqerin düşdüyü 14 saylı 'kolon' gündəmdə

Xatırlatma

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında martın 3-də həbs olunub.

Suraxanı Rayon Məhkəməsi bloqqeri Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edib.

Buna bloqqerin bu ilin yanvarında bir gün polisdə saxlandıqdan sonra, orada işgəncələrə məruz qalması ilə bağlı açıqlama yayması səbəb olub.