Beynəlxalq Bank NK-nın ehtiyat fondunu da 'yeyib'

Beynəlxalq Bank

Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin icrasına dair illik hesabata rəyini açıqlayıb.

Hesabata görə, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17505,7 mln. manat icra edilib. Proqnoz göstəriciləri 16 mlrd. 822 mln. manat olub.

Palata bildirir ki, gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə 7 mlrd. 714,8 min manat çox olub.

Buna da bax:​ Azərbaycan bankları ipotekanı bərpa edib, amma...

2016-cı ildə dövlət büdcəsinin xərcləri isə 18 mlrd. 495,0 mln. manat proqnoza rəğmən 17 mlrd. 751,3 mln. manat icra edilib. Bu, isə 2015-ci illə müqayisədə 33,2 mln manat və ya 0,2 faiz azdır.

2016-cı ildə dövlət büdcəsinin kəsiri 245 mln. 604,1 min manat təşkil edib.

Palatanın rəyində Nazirlər Kabinetinin (NK) Ehtiyat Fondunun vəsaitlərinin xərclənmə durumu ilə bağlı maraqlı rəqəmlər yer alıb.

Sənədə görə, NK-nın ehtiyat vəsaitlərinin 68 faizi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Buna da bax: 'Beynəlxalq Banka xərclənənlər dövlətin bir illik büdcəsi edir'

Palatanın təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondundan ötrü dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub. Ancaq 828 mln. 972,8 min manat ayrılıb. Xərclənən vəsaitin ən böyük hissəsi - 564 mln. manatı ABB-nin payına düşüb.

Ehtiyat fonddan Mərkəzi Seçki Komissiyasına 46,103, Müdafiə Nazirliyinə 31,771 mln. manat ayrılıb.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər isə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülüb. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Buna da bax:​ Dövlətin pulunu özününkü kimi xərcləyənləri ağır cəzalar gözləyir

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

İqtisadçıların hesablamalarına görə, Neft Fondunun 1 milyard dollarlıq depozitini və 3.3 milyard dollar öhdəliyi də nəzərə alanda, bu, az qala, bir illik dövlət büdcəsi edir.