Eynşteynin nisbilik nəzəriyyəsi şübhə altına alınır

Alimlər adətən yalnız qara dəliklərin mərkəzində rast gəlinən və buna görə görünməyən qravitasiya sinqulyarlığının son dərəcə əyri üçölçülü fəzada mövcud ola biləcəyini göstəriblər. Kembric Universitetindən olan tədqiqatçılar kompüter simulyasiyalarının köməyilə "çılpaq sinqulyarlığın" mövcudluğu ehtimalını irəli sürüblər. Bu isə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini şübhə altına ala bilər.

Tədqiqatın nəticələri "Physical Review Letters" jurnalında dərc edilib.

Eynşteynin ümumi nisbilik nəzəriyyəsi bizim qravitasiyaya dair hazırki təsəvvürlərimizin əsasını təşkil edir: Kainatda ulduzların yaşının hesablanmasından tutmuş naviqasiyada yararlandığımız GPS siqnallara qədər hər şey bu tənliklərin üzərində dayanır.

Nəzəriyyəyə görə maddə onu əhatə edən zaman-məkanı deformasiyaya məruz qoyur və bizim qravitasiya adlandırdığımız şey məhz həmin deformasiyanın təzahürüdür. Ümumi nisbilik nəzəriyyəsi dərc edildiyi 100 il ərzində bütün sınaqlardan uğurla çıxıb. Ancaq sinqulyarlıqların mövcud olması onun zəif yerlərdindən biridir.

Sinqulyarlıq elə bir nöqtədir ki, burada qravitasiyanın gücü məkan, zaman və fizika qanunlarının pozulmasına yol açır. Ümumi nisbilik nəzəriyyəsinə görə sinqulyarlıqlar qara dəliklərin mərkəzində mövcuddur və onlar hadisə üfüqü ilə əhatə olunur. Hadisə üfüqü "dönüşü olmayan nöqtədir". Burada qravitasiya cazibəsi o qədər güclüdür ki, ondan qaçmaq qeyri-mümkündür. Bunun sayəsində sinqulyarlığı yaxından müşahidə etmək qeyri-mümkün olur.

40 ildən çox müddət ərzində riyaziyyatçılar hesab ediblər ki, sinqulyarlıqların formalaşdığı yerlərdə məhz bu xüsusiyyətlər mövcud olur. Alimlər bunu "kosmik senzura fərziyyəsi" adlandırırlar. Doğru olduğu təqdirdə kosmik senzura o deməkdir ki, qara dəliklər xaricində bu sinqulyarlıqların heç nəylə ölçülə bilən təsiri yoxdur. Bu halda ümumi nisbilik nəzəriyyəsinin müddəaları qüvvədə qalır.

Son illər ərzində alimlər kompüter simulyasiyalarının köməyilə "çılpaq sinqulyarlıqların" mövcudluğu ehtimalını irəli sürüblər. Hadisə üfüqündən kənarda yerləşən sinqulyarlıqlara çılpaq sinqulyarlıqlar deyilir. Çılpaq sinqulyarlıq kosmik senzura fərziyyəsini və deməli ümumi nisbilik nəzəriyyəsinin Kainatı vahid nəzəriyyə ilə izah etmək qabiliyyətini rədd edə bilər. Ancaq bütün bu fərziyyələr yüksək ölçülərdə mövcud olan dünyalara aiddir. Məsələn, 2016-cı ildə Kembric Universitetinin iki doktorluq tələbəsi çılpaq sinqulyarlığın mövcud olması fərziyyəsini irəli sürmüşdülər. Ancaq onların fərziyyəsi beşölçülü kainata aid idi.

Kembric Universitetinin Tətbiqi Riyaziyyat və Nəzəri Fizika Kafedrasından Tobi Krisford (Toby Crisford) və Yorq Santosun (Jorge Santos) apardığı yeni tədqiqat nəticəsində isə çılpaq sinqulyarlığın dördölçülü dünyada (üçölçülü fəza və dördüncü ölçü qismində zaman) mövcud olması fərziyyəsi irəli sürülüb.

Bu fərziyyəyə görə, çılpaq sinqulyarlıq anti-de Sitter fəzası adlanan xüsusi əyri fəzada formalaşa bilər. Burada kainat yəhər formasındadır. Ümumi nisbiliyə görə isə kainatlar fərqli formalara malik ola bilər. Anti-de Sitter fəzası həmin mümkün formalardan yalnız biridir.

Anti-de Sitter fəzasının strukturu hamar fəzadan çox fərqlidir. Bu fəzada elə bir maneə var ki, işıq ora çatanda geriyə əks olunur. "Bu bir növ qutunun içində zaman-məkandır. Qutunun divarı saya biləcəyimiz maneədə bizim müxtəlif sahələrin özlərini necə apardıqlarını görmək imkanımız var və biz bu imkandan yararlanaraq sistemə enerji əlavə edir, son nəticədə sinqulyarlığın formalaşmasına yol açırıq", - Krisford deyir.

Alimlərin gəldiyi bu nəticə hamar fəzada simulyasiya edilə bilmədiyinə görə bilavasitə bizim kainatda tətbiq oluna bilməz. Bununla yanaşı, bu nəticələr Kainatın dərk edilməsinə xidmət edən digər nəzəriyyələrin öyrənilməsi üçün yeni imkanlar açır. Belə nəzəriyyələrdən biri sinqulyarlığa yaxın yeni tənliklər ortaya qoyan kvant qravitasiyasıdır.