Gözəl Bayramlının işindən şikayət verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

«Gözəl Bayramlı haqqında həbs-qətimkan tədbirinin seçilməsi, onun mayın 25-i Gürcüstandan gələrkən saxlanması və qeyri-insani davranışa məruz qalması ilə bağlı şikayətimizi Bakı Apellyasiya Məhkəməsinə təqdim etdik».

Bunu bu gün, mayın 30-u Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədr müavini G.Bayramlının vəkili Elçin Sadıqov deyib:

«Yəqin ki, bu işə ya mayın 31-i, ya da iyunun 1-də baxılacaq. Bundan başqa, bilirsiniz ki, onun evində axtarış olub. Mənzilinin sənədləri götürülüb. Biz hesab edirik ki, bundan da ötrü qanuni əsas olmayıb. Odur ki, bu məsələ ilə də bağlı şikayətimizi Bakı Apellyasiya Məhkəməsinə təqdim etdik. Bu şikayətə də yaxın günlərdə baxılması gözlənir».

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.