Əfqan Muxtarlının şikayətinə baxılacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan Muxtarlı həbsdə qaldı

Jurnalist Əfqan Muxtarlının həbsindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti Səbail rayon Məhkəməsi icraata götürüb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin bildirdiyinə görə, şikayətə baxılacağı tarix də bəlli olub:

«Şikayətə iyunun 9-da, saat 17:30-da baxılacaq. İş hakim Aytən Əliyevaya verilib».

Proses qapalı olacaq. Məhkəmə iclasında Əfqan Muxtarlının da iştirakı gözlənir.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.