Birbaşa xarici investisiyalar artıb

Dövlət Statistika Komitəsi

2016-cı ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar artıb. Bu haqda Dövlət Statistika Komitəsi bildirir.

Qurumun məlumatına görə, əvvəlki illə müqayisədə 2016-cı ildə birbaşa xarici investisiyalar iki dəfə artıb. İnvestisiyaların ümumu məbləği 1,7 mlrd olub. 2015-ci ildə bu göstərici 860 mln dollar idi.

Azərbaycana yatırım qoyan ölkələr arasında İsveçrə ilk sıradadır. Bu ölkə Azərbaycana 370,5 mln dollar yatırıb. Bu, əvvəlki illə müqayisədə 23,5 dəfə çoxdur.

Buna da bax:​ Gürcüstana ən çox Azərbaycan pul yatırır

2016-cı ildə Rusiya Azərbaycan iqtisadiyyatına 363,2 mln. dollar sərmayə qoyub. Bu ölkədən birbaşa investisiyalar il ərzində 22 dəfə artıb.

Türkiyədən birgə şirkətlər və 100 faiz türk kapitallı şirkətlərdən 307,5 mln dollar daxil olub. Bu, 2015-ci ildəkindən 87 mln dollar çoxdur.

Britaniyadan investisiya həcmi dəyişməyib - 174 mln dollar.

Niderlanddan 127,9, Birləşmiş Ərəb Əmirliklərindən 60,2 mln dollar investisiya daxil olub.

Buna da bax: Əsas kapitala investisiyalar azalır

Yatırımlar ümumilikdə azalıb

DSK-ya görə, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların ümumi məbləği isə 10 mlrd 61,1 mln olub. Bu, 2015-ci ildəkindən 5,2 faiz azdır.

Xarici investisiyaların ümumi məbləğinin 2 mlrd 197,8 mln-u maliyyə kreditləridir.

5 mlrd 617,4 milyon dollarlıq məbləğ isə neft-qaz sektoruna investisiyalardır. Bu sahəyə investisiyalar ötən il 15,2 faiz azalıb.