Moskva erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmamasına etiraz edir

Bakı aeroportu

«Rusiya Xarici İşlər Nazirliyi iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmayan qəzəbləndirici ayrıseçkilik təcrübəsinə son qoymağı tələb edir».

Rusiya XİN-in İnformasiya Departamentinin erməniəsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinin qadağan edilməsi ilə bağlı iyulun 6-da yayılan şərhində belə deyilir.

Nazirlik Bakının bununla bağlı izahatlarını qəbul etməyərək, onları «anlaşılmaz və qeyri-kafi» adlandırır və yaranmış vəziyyətdən nəticə çıxaracağını bildirir.

«Biz dəfələrlə, o cümlədən Rusiyanın Bakıdakı səfirliyinin və Rusiya XİN-in rəsmi nota müraciətlərində bu qəzəbləndirici təcrübəyə son qoymağı, araşdırma aparmağı və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında vəzifəli şəxslərin davranışına lazımi qiymət verməyi tələb etmişik. Azərbaycanın özünü milli və dini tolerantlıq, çoxmədəniyyətlilik nümunəsi kimi təqdim etməsinə, son vaxtlar isə həm də Azərbaycan-Ermənistan ictimai dialoqu qurmaq niyyətini bəyan etməsinə əsaslanmışıq. Amma ümidlərimiz doğrulmadı. Hadisələrin araşdırması aparılmadı. Azərbaycan XİN-in cavab notasında deyilir ki, «Azərbaycan xoşagəlməz gərginliklərin qarşısını almaq üçün bir sıra şəxslərə qarşı müvafiq tənzimləmələri tətbiq etmək məcburiyyətindədir. Bu, təəssüf ki, Azərbaycana gələn Rusiya vətəndaşlarının əvvəlki kimi özbaşınalıq qurbanı olmaq riski ilə üz-üzə olduqlarını göstərir», - deyə şərhdə bildirilir.

Azərbaycan XİN Moskvanın ikinci dəfə təkrarladığı bəyanata reaksiya verməyib.

Rusiya Xarici İşlər Nazirliyi iyulun 5-də eyni məzmunlu, ancaq «yumşaq tonlu» bəyanat yaymışdı.

Bakı aeroportunda 25 erməni saxlanılıb

Rusiya Azərbaycana gələn erməni soyadlı vətəndaşlarına qarşı ayrı-seçkiliyə son qoymağı tələb edir.

“Azərbaycana gələn Rusiya vətəndaşları həqiqətən etnik prinsiplərlə ayrı-seçkiliyə məruz qalırlar. İki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmayan qəzəbləndirici ayrı-seçkilik təcrübəsinə son qoyulmasını tələb etməyə davam edirik”, - Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edir.

XİN bu ilin əvvəlindən 25 Rusiya vətəndaşının Azərbaycana girişinə icazə verilmədiyini qeyd edir. Onların saatlarla, bəzi hallarda “yeməksiz, susuz və tibbi yardımsız saxlanıldığı”, daha sonra isə öz hesablarına geri qaytarıldığı deyilir. Nazirlik təkcə erməni soyadlı deyil, soyadı, adı və ata adı rus mənşəli olan şəxslərin də dindirildiyini bildirir.

Rusiya XİN dəfələrlə bu təcrübəyə son qoyulmasını tələb etdiyini, amma aydın və qaneedici cavab almadığını bəyan edir.

Azərbaycanın cavabı

“Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir”, - Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın bəyanatını şərh edərkən belə deyib.

Hikmət Hacıyev

Onun sözlərinə görə, Azərbaycan artıq bununla bağlı Rusiya tərəfinə məlumat verib.

"Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərlərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır", - XİN rəsmisi bildirib.