"Qarabağ" Çempionlar Liqasında "Samtredia” ilə qarşılaşır

Qarabağ - PAOK oyunundan arxiv foto

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları başlayır.

Bu çərçivədə Azərbaycan çempionu “Qarabağ” komandası iyulun 11-i saat 21:00-da ilk oyununu keçirəcək.

Azərbaycan komandasının rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Qarabağ” – “Samtredia” qarşılaşmasını idarə edəcək hakim heyəti Türkiyədəndir. Baş hakim Mete Kalkavan, baş hakimin köməkçiləri Halil Meler, Esat Sancaktar, dördüncü hakim Erdem Bayikdır.

Futbol mütəxəssisi Mahur Rüstəmli qarşıdakı oyunla bağlı proqnozlarını bölüşüb. O, “Qarabağ” komandasının son təlim-məşq oyunlarında məğlubiyyətlərini xatırladaraq narahatlığını dilə gətirib: “Bu məqam bir az narahatlıq yaradır, amma ümid edirəm ki, “Qarabağ” komandası bu axşam hamımızı sevindirəcək. Çünki o bütün cəhətləri ilə “Samtredia” komandasından güclüdür”.

Futbol şərhisinin sözlərinə görə, “Qarabağ” komandasının hansı top fərqiylə qalib gələcəyini deyə bilməz, əsas odur ki, bu, qələbə olacaq. “Burada məşqçi Qurban Qurbanovun üzərinə xüsusi ağırlıq düşür və komandanın hansı taktika ilə oyuna çıxması da böyük önəm daşıyır”, - Mahir Rüstəmli bildirir.