SOCAR Türkiyədə 'ikinci Petkim' qurmaq istəyir

SOCAR-ARDNŞ

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-ci ilədək Türkiyədə ikinci neft-kimya layihəsinə başlayacaq”.

“Turan” Agentliyi xəbər verir ki, bu haqda SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun deməsinə görə. Artıq, Türkiyə hökumətinə müvafiq layihə təqdim olunub.

“STAR Neft Emalı Zavodu (NEZ) layihəsi başa çatandan sonra yeni neft-kimya layihəsinə başlayacağıq. Artıq, Türkiyə hökumətinə yeni sənaye zonası yaradılması üzrə layihə təqdim etmişik. İkinci neft-kimya layihəsini 2023-ci ilədək həyata keçirmək istəyirik”, - deyə Abdullayev bildirib.

Buna da bax:​ SOCAR 'Petkim'dəki payının bir hissəsini də satacaq

SOCAR prezidentinin deməsinə görə, Türkiyənin neft-kimya məhsullarından qaynaqlanan 11,5 mlrd dollarlıq kəsiri var.

"Biz Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorundakı kəsiri təxminən 3 mlrd dollar azaltmağa çalışırıq", - deyə R.Abdullayev bildirib.

SOCAR prezidenti əlavə edib ki, "STAR" Neft Emalı Zavodunda işlərin 90%-i artıq icra olunub. Onun bildirməsinə görə, ən geci 2018-ci ilin sentyabr ayında zavodda istehsala başlanılacaq.

Buna da bax:​ Azər Mehtiyev: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"

SOCAR-ın İnvestisiya İdarəsinin rəisi Vaqif Əliyev də bundan öncə bildirmişdi ki, SOCAR Türkiyədə yeni neft-kimya layihəsinə başlayacaq. Yeni müəssisə ikinci Petkim ola bilər. Onun yaradılması üçün $3 mlrd investisiya lazım olduğu bildirilir.

Xatırlatma

“Star” Neft Emalı Zavodunun təməlini 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Receb Tayyib Erdoğan qoyub. Azərbaycanın təkcə ötən ilin sentyabrına kimi bu zavodun inşasına 2 milyard dollardan çox vəsait qoyduğu bildirilir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.

Buna da bax:​ 'Petkim'də növbəti əməliyyat

“Petkim” Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş.” əldə edib.