Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

İlham Əliyev sənəd imzalayır

Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılacaq.

Prezident İlham Əliyev iyulun 25-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamı ölkə başçısının rəsmi internet saytı yayıb.

Sənəddə qeyd olunur ki, parkın yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Məhəllədə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı, habelə xidmət müəssisələrinin yaradılması planlaşdırılır.

Sərəncama görə, Nazirlər Kabineti məhəllənin fəaliyyətindən ötrü Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsi ayırmalıdır.

Buna da bax:​ İlham Əliyev: 'Sahibkarlığa dəstək davam edəcək'

Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. İqtisadiyyat Nazirliyi isə məhəllənin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Sərəncama görə, prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq dörd milyon manat ayrılacaq.

Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2011-ci ildən başlanıb. Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. 2013-cü ildə isə onun təməli qoyulub. Artıq, bu parkda müəyyən müəssisələrin fəaliyyətə başladığı bildirilir.

Buna da bax:​ Masallıda «sənaye məhəlləsi» yaradılır, amma...

Prezident bu istiqamətdə növbəti sərəncamlara birdə 2015-ci ildə imza atıb. Həmin il Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasına qərar verilib.

2016-cı ilin ortalarında isə prezident Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının yaradılması haqda sərəncamlar verib.