Daha bir şirkət rəhbəri kreditə görə həbs edilib

Keçmiş "Bank Standard"

"Harvest" MMC-nin təsisçisi və direktoru Emin Quliyevin həbs edildiyi bildirilir. Şirkət rəhbərinin "Bank Standard" QSC Kommersiya Bankından götürülən 3 milyon 91 min manat kredit vəsaitini təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərclədiyi iddia edilir.

Bu haqda Baş Prokurorluq məlumat yayıb.

Məlumatda E.Quliyevin tək olmadığı, bankın Müşahidə Şurasının keçmiş sədri Səlim Krimanla əlbir olduğu bildirilir. İddia edilir ki, adı çəkilən şirkət məhz elə saxta əməliyyatlar aparılması məqsədilə yaradılıb.

Buna da bax:​ 'Çudo Peçka'nın sahibi həbs olunub

Açıqlamada vurğulanır ki, E. Quliyev S.Krimanla qabaqcadan əlbir olmaqla onun göstərişi əsasında "Azərkarton" adlı şirkətin səhmlərinin 30 faizinin alınması və tikinti işlərinin başa çatdırılması təyinatı adı altında bir neçə müqavilə ilə bu krediti götürüblər: "E.Quliyev S.Krimanla əlaqələrini davam etdirərək öz adına hər hansı bir girov qoyulmadan bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsini rəsmiləşdirib. Həmin məbləği S.Krimanla öz aralarında bölüb”.

Sənəddə yazılır ki, E.Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub. Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırmasının davam etdiyi bildirilir.

Buna da bax: Bir alıcısı olan tender

E.Quliyev və S.Krimanın hələlik, yaxınlarının, vəkillərinin açıqlama ilə bağlı mövqeyini almaq mümkün olmayıb.

"Bank Standard" QSC Kommersiya Bankın Müşahidə Şurasının keçmiş sədri S. Eldaroviç Krimanın isə axtarışa verildiyi bildirilir.

Elə bu gün, iyulun 26-da "Bank Standart" QSC-dəkreditn kredit götürülməsi ilə bağlı "Çudo Peçka" şirkətinin təsisçisi Çingiz Cəlilov barəsində də həbs qətimkan tədbiri seçilib.

Ötən il sentyabrın 30-da Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın lisenziyasını ləğv edib.

Buna da bax:​ '60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'

O vaxt Palatanın rəhbəri R. Aslanlı lisenziyanın ləğvini belə əsaslandırmışdı:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.

Ötən il bütünlükdə Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib.