Bill Browder: Putinin 200 milyard dollar pulu var

Bill Browder Senat Komitəsində

“Mənim fikrimcə, Putin dünyada ən varlı adamdır. Düşünürəm ki, onun var-dövləti 200 milyard dollardır. Bu pul bütün dünya boyu, o cümlədən Amerikada banklarda saxlanır. O bu pulların itirilməsini və ya dondurulmasını istəmir. Buna görə, Magnitsky Aktı ilə o şəxsən risk altındadır”.

Bunu Britaniyalı-amerikalı iş adamı Hermitage Capital şirkətinin rəhbəri Bill Browder iyulun 27-də ABŞ Senatının Hüquq Komitəsində dinləmədə deyib. Dinləmə isə Donald Trumpın seçki kampaniyası üzvlərinin Rusiya ilə təmasları haqda olub.

Browder deyib ki, ABŞ Magnitsky Aktını qəbul edəndə, Putin rusiyalı uşaqların Amerikalılara övladlığa verilməsinin qadağan olunması ilə cavab verdi.Ona görə də, Browderin sözlərinə görə, prezidentin oğlu gənc Donald Trump 2016-cı ildə rusiyalı lobbiçilərlə danışanda söhbət ata-anasız uşaqların övladlığa verilməsindən yox, əslində Rusiyaya qarşı sanksiyalrın ləğvindən gedib.

ABŞ-ın qəbul etdiyi Magnitsky Aktı insan haqları pozuntularına görə, Rusiya rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutur.