Prokurorluqdan sonra jurnalist DTX-ya çağırıldı [yenilənib]

“infoaz.org” saytının rəhbəri Namiq Cəfərli. 18avq2017

Jurnalisti DTX-ya yazılarına görə çağırıldığını deyir

“İnfoaz.org” saytının rəhbəri Namiq Cəfərli bu gün, avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətində (DTX) olub.

O, DTX-dən çıxdıqdan sonra deyib ki, onu yazılarına görə, sorğu-sual ediblər.

“Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yaymış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər”, – deyən jurnalist həmin yazılar barədə detallı danışmayıb. Bununla belə, o, qeyd edib ki, DTX təmsilçilərinə müzakirə mövzusu olan yazıların məzmunu ilə bağlı öz arqumentlərini də təqdim edib.

Buna da bax:​ 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

N.Cəfərli DTX-da onunla normal rəftar edildiyini qeyd edib.

“Mənə hər hansı təzyiq olmadı. Normal şəkildə yazılar barədə fikir mübadiləsi apardıq”, – jurnalist bildirib.

Məsələyə, hələlik, DTX-in İctimaiyyətlə Əlaqələr şöbəsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: 'Sərhədsiz Reportyorlar'dan tənqid

* * *

Ötən həftə bloklanan “infoaz.org” saytının rəhbəri Namiq Cəfərli Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bu haqda jurnalistin özü məlumat verib.

Ona telefonla bildiriblər ki, saat 17:00-da Dövlət Təhlükəsizlik Xidmətində olmalıdır. Jurnalistə çağırılmasının səbəbləri haqda bilgi verilməyib.

N.Cəfərli ötən həftə, avqustun 19-u Baş Prokurorluğa dəvət edilmişdi.

Buna da bax:​ Jurnalistlərə yazılara görə, xəbərdarlıq edilib [yenilənib]

"Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi", - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

"Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?", – sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.

Jurnalistə rəsmi xəbərdarlıq da edilmişdi.

N.Cəfərlinin rəhbəri olduğu xəbər saytı elə Baş Prokurorluğa çağırıldığı gün, avqustun 19-da blok edilib. Həmin sayta Azərbaycan ərazisində daxil olmaq mümkün deyil. Onda N. Cəfərli və bir neçə sayt rəhbərinin çağırılması ilə bağlı prokurorluq da açıqlama yaymışdı. Açıqlamada bəyan edilirdi ki, həmin saytlarda həqiqət olmayan, böhtan xarakterli yazılar dərc edilib.

Buna da bax: Daha bir sayta giriş bloklanıb

Namiq Cəfərli də onda sosial şəbəkədə bəzi düşüncələrini ifadə etmişdi. O, bu dəfə də hakimiyyət mənsublarına tərif deyən həmkarlarını tənqid etmişdi.

Namiq Cəfərli saytın bloklanması ilə bağlı bu gün, avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət edib.