Müdafiə tərəfi Mehman Əliyevə ittihamlara yazılı cavab verdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Əliyev həbs edildi

««Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham edilməsi, həbsi qanunsuz və əsassızdır».

«Turan» agentliyinin həbsdəki direktorunun vəkillərinin ictimaiyyətə müraciətində belə deyilir. Müraciəti vəkil Fuad Ağayev yayıb.

Müraciətdə M.Əliyevə verilən ittihamlar ayrı-ayrılıqda izah edilir:

«Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham olunur. Onun CM-nin həmin maddəsində nəzərdə tutulmuş əmələ görə məsuliyyətindən yalnız üç əsas olduğu halda söhbət gedə bilərdi. «Turan» sahibkarlıq fəaliyyəti ilə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmədən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan məşğul olsaydı. Bundan başqa, xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərsəydi».

Müdafiə tərəfi qeyd edir ki, agentlik dövlət qeydiyyatına alınıb və vergi uçotunda olub. İnformasiya agentliyinin fəaliyyətindən ötrü isə heç bir lisenziya tələb olunmayıb. Eyni zamanda, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Əliyevin müdafiəsi ilə bağlı toplantı keçirildi

Müdafiə tərəfi M.Əliyevə irəli sürülən vergi ödəməkdən yayınma ittihamı ilə bağlı vurğulayır ki, səyyar vergi yoxlaması davam etməkdədir:

«Bu müddətdə nəinki kiminsə cinayət məsuliyyətinə cəlb olunması, hətta cinayət işinin başlanılması qanuni deyil».

Müdafiə tərəfi M.Əliyevin CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunmasını isə tamamilə «gülünc» sayır:

«İstintaq orqanı 308.1-ci maddəni 192 və 213-cü maddələrdən törəmə hesab etdiyindən, 308-ci maddədən danışmaq olmaz».

Müdafiə tərəfi vurğulayır ki, M.Əliyevə verilmiş ittiham hətta formal-hüquqi baxımdan belə əsassızdır.

Vəkillər Vergilər Nazirliyinin M.Əliyevlə bağlı açıqlamasının da əsassız olduğunu bəyan edib.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Hüseynov ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.