Vergilər Nazirliyi 'Turan'ın şikayətini məhkəməyə verib

Sizin brauzer HTML5-i dəstəkləmir

"Turan" İA-da axtarış aparılır

Sentyabrın 19-da axşam «Turan» İnformasiya Agentliyinə (İA) Vergilər Nazirliyinin 11 sentyabr tarixli növbəti məktubu daxil olub.

Məktubda agentliyin şikayəti üzrə başlanmış təhqiqatın dayandırıldığı bildirilir.

Vergi Riskləri Departamentinin rəhbəri Fərid Cəbrayılın adından göndərilən məktubda bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı 14 avqust tarixli qərarın ləğvi barədə «Turan» İA-nın şikayətinə baxılıb.

Şikayətdə vergi sanksiyasının hesablanması ilə bağlı agentliyin 2014-2016-cı illər üzrə fəaliyyətinin son kameral yoxlanması barədə qərardan etiraz verilib.

«Yoxlama zamanı müəyyən edilib ki, agentlik 1 saylı İnzibati-İqtisadi Məhkəməsində müvafiq iddia qaldırıb. Eyni vaxtda inzibati və məhkəmə yoxlamasının keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, agentliyin ona qarşı cinayət işinin dayandırılması barədə müraciəti məhkəmə orqanlarına verilib. Agentliyin şikayətinin təhqiqatının dayandırılması barədə qərar qəbul edilib», - məktubda yazılır.

«Turan» İA bildirir ki, son bir həftədə Vergilər Nazirliyindən 3 ən müxtəlif mövqeli məktub alıblar. Agentlik ümid edir ki, daha yeni sürprizlərlə qarşılaşmayacaq.

Dünən, sentyabrın 19-u agentlik vergi sanksiyasının yenidən bərpa edildiyi haqda məlumat yaymışdı. Həmin məlumatda qeyd edilirdi ki, Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinin «Turan» İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyası yenidən bərpa edilib.

Açıqlamada vurğulanırdı ki, sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixli ( son məktubdan 4 gün sonra imzalanıb) məktub daxil olub. Məktubda yazılırdı ki, agentlik 27 min 253 manat borca və daha 9 min 294 manat faizə malikdir.

Məlumatda bildirilirdi ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə başqa bir məktub gəlmişdi. Orada isə yazılırdı ki, «Turan» İA-nın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

«Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəblərini biz bilmirik. Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü. İndi isə sanksiyanın bərpasından sonra «Turan» İA-nın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər», - məlumatda vurğulanırdı.

Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında «Turan»a 4 min manat sanksiya qoymuşdu. «Turan» İA-nın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.

Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə isə 37 min manat vergi hesablayaraq cinayət işi qaldırmışdı.

«Turan» İA-nın bu açıqlamalarına hələlik Vergilər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Dünən, sentyabrın 19-da Baş Prokurorluq da «Turan» agentliyi barədə araşdırmalar haqda məlumat yaymışdı. Prokurorluğun məlumatında deyilirdi ki, «Turan» İA-da aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

«Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. «Turan» İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir», - prokurorluq bildirmişdi.

XATIRLATMA

«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.