Polis Aşura günü ilə bağlı xəbərdarlıq edib

Foto arxiv

"Sabah, oktyabrın 1-i Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək".

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

S. Bağırov deyib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək:

"Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq".

O, həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq:

"Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

Bu il sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvada bildirilib ki, bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Sənəddə Aşuranın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) vətərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

QMİ müsəlmanlara əzadarlıq moizələrində Kərbəla hadisələri ilə yanaşı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçənlərin, Xocalı faciəsinin qurbanlarının da yad edilməsini tövsiyə edib.

Fətvada xatırladılıb ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanverməaksiyası keçirilir.

QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur. Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır.

XATIRLATMA

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminəgörə) davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.